26 sentyabr 2012 11:08
“İnter bir futbolçudan asılı olan komanda deyil”
“İnter”in hücumçusu Tales Şütz azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasının 6-cı turunun AZAL-la oyunundan (0:0), eləcə də qarşıdakı “Neftçi” ilə görüşdən danışıb.
“Biz AZAL-la oyunda qələbəyə layiq idik. Rəqib qapısına yol tapmaq üçün xeyli imkanımız var idi. Təəssüf ki, şanslarımızdan istifadə edə bilmədik. Amma oyuna görə məhz “İnter”in 3 xala layiq olduğunu hesab edirəm”.
Geridə qalan 6 oyun ərzində “bankirlər” rəqib qapılarına cəmi beş dəfə yol tapa biliblər. Hansı ki, bu, mövsümün ən pis göstəricilərindən hesab olunur. Şützün bu məsələyə münasibəti belədi: “Düzdü, elə də çox qol vurmamışıq. Amma inanıram ki, bizdə tez bir zamanda hər şey qaydasına düşəcək. Sadəcə çalışmaq, məşq etmək lazımdı. “İnter” mövsümün gedişində öz qol imkanlarından daha yaxşı istifadə etməyə başlayacaq”.
Paytaxt klubunu qarşıdakı turda “Neftçi” ilə oyun gözləyir: “Neftçi”nin bizimlə oyuna necə hazırlaşacağını bilmirəm. Hər halda onların problemləri daha çox özlərini düşündürməlidi. Məni isə yalnız öz komandamın durumu narahat edir. Əlbəttə, bizi asan oyun gözləmir. Son turda uduzdular. Amma növbəti turlarda fərqli də ola bilər. Hər bir komandanın şansı var”.
Şütz əsas heyətdə az görünməsinə də toxunub: “Əlbəttə, mən də daha çox oynamaq və qol vurmaq istəyirəm. Amma görünür, hələ əsas heyətdə oynamağa tam layiq deyiləm. Baş məşqçinin qərarı belədi, hörmətlə yanaşmaq lazımdı. Şəxsən mən belə hesab edirəm ki, 4-5 oyunda 90 dəqiqə meydanda olsam, hər şey əvvəlki qaydasına düşəcək. Sadəcə, unutmaq lazım deyil ki, “İnter” bir oyunçudan asılı olan komanda deyil”.
