26 sentyabr 2012 12:23
Qol yağışı və kəllə-çarxa çıxan rekordlar
17 Yaşlı Qadınlar Arasında Futbol üzrə Dünya Çempionatının üçüncü günündə qol yağışı baş verdi. Azerisport.az xəbər verir ki, keçirilən dörd oyunda 20 qol və yeni rekordlar qeydə alındı.
A qrupunda Nigeriya ev sahibi Azərbaycanı 11-0 hesabı ilə darmadağın etməklə FIFA yarışlarında ən böyük hesablı qələbə qazanan ilk Afrika komandası oldu. Ev sahibləri isə tam əksinə, bu məğlubiyyət üzündən çempionatla erkən vidalaşmalı olacaqlar.
Çempionata ilk dəfə qatılan Qambiya yığması da ABŞ-a 6-0 hesablı məğlubiyyətdən sonra qrup mərhələsini başa vuraraq vətəninə dönməli olacaq. Şimali Amerikalılar ilk yarıda çoxlu qol vəziyyətləri yaratsalar da, heç cür qapıya yol tapa bilmirdilər. Lakin Amber Munerlinin 27 saniyə ərzində hesabı 2-0 etməsindən sonra hər şey dəyişdi. Onun qolu, həmçinin, ikinci hissədə ən tez vurulan qol kimi 17 Yaşlı Qadınlar Arasında Futbol üzrə Dünya Çempionatının tarixinə düşdü.
A Qrupu
Kolumbiya 0-1 Kanada
Azərbaycan 0-11 Nigeriya
B Qrupu
Fransa 1-1 Koreya XDR
ABŞ 6-0 Qambiya
Günün qolu
Koreya XDR - Fransa, Ri Un-Sum (59-cu dəqiqə)
Kim Fyonq-Hvanın mükəmməl ötürməsi Ri Un-Simi fransızların qapısı qarşısında penalti nöqtəsi yaxınlığında zərbə mövqeyinə çıxardı. Koreya XDR-ın 10 nömrəli oyunçusu iki müdafiəçini keçərək topu əymə zərbə ilə qapının aşağı sol küncünə göndərdi. Ri Un-Sim artıq asiyalıların ilk oyunundakı xet-trikindən sonra KXDR-in sürətli qadın futbolçusu kimi tanınır.
Unudulmaz anlar
Lənkəran Şəhər stadionunda ev sahibi Azərbaycanı qəbul edən Nigeriya ilk yarıda yeddi cavabsız qol vurmaqla sanki bir partlayış etdi. Bakıda Dalğa Arenada keçirilən paralel matçda isə ABŞ daha aramla oynayaraq ilk hissəni 1-0 hesabı ilə başa vurmuşdu. Fasilədən sonra həm afrikalılar, həm də amerikalılar sürəti artırdılar və iki matçın yekununda qapılara 17 qol vurulmuş oldu.
Öncəki oyunlarda qol həsrəti
Bunun əksinə olaraq, Mərkəzi Avropa vaxtı ilə saat 2-də start götürən Fransa- Koreya XDR və Kolumbiya-Kanada oyunları daha gərgin və baş-başa mübarizə şəraitində keçirdi və hər iki oyunun ikinci hissəsində qapılar önündə təhlükəli vəziyyətlər yaranırdı. Bakının Şəfa Stadionunda keçirilən Kanada - Kolumbiya qarşılaşmasında yeganə qol ikinci hissə başladıqdan altı dəqiqə sonra Samer Klark tərəfindən vuruldu. Bundan bir qədər sonra isə Koreya XDR Dalğa Arenada hesabda önə keçdi, lakin cəmi 80 saniyə sonra Fransa hesabı bərabərləşdirdi. Hər iki qarşılaşmanın birinci hissəsi qolsuz bərabərliklə başa çatmışdı.
Ferrierin dəyişikliyi öz bəhrəsini verdi
Fransa heyətində Kadidiatou Diani ilk qarşılaşmada meydanda mərkəz hücumçusu kimi yer almışdı, lakin o zaman avropalılar ABŞ qapısına yol tapa bilmədilər. Koreya XDR ilə görüşdə isə komandanın baş məşqçisi Qay Ferrier bu oyunçunu sağ cinaha keçirdi və bu dəyişiklik öz bəhrəsini verdi: Diani 60-cı dəqiqədə komandasının bərabərlik qolunu vurmaqla Fransanın dörddə bir final mərhələsinə çıxma şansını geri qaytarmış oldu.
Bakıda yay havası
Bakıda indi əsl yay havası duyulmaqdadır və bu hava futbol meydanında da hiss olunur. ABŞ-ın hücumçusu Samer Qrin və onun kanadalı həmkarı Samer Klark (hər iki oyunçunun adı ingiliscə “summer” sözündəndir ki, bu da tərcümədə “yay” anlamına gəlir) çərşənbə axşamı komandalarına qalibiyyət qazandıran qəhrəmanlar oldular. Onların hər biri öz komandasının düşərgəsində təbəssüm və hərarət mənbəyi idi. Qrin bu dəfə üç, Klark isə bir qolun müəllifi oldu.
Günün statistikası
80 – Koreya XDR-ın vurduğu ilk qolun əvəzini çıxmaq üçün Fransaya cəmi 80 saniyə lazım oldu. Bununla, fransızlar həm də yeni rekorda imza atdılar. 2010-cu ildə Trinidad və Tobaqoda keçirilən 17 Yaşlı Qadınlar Arasında Futbol üzrə Dünya Çempionatında Koreya Respublikası İspaniya ilə yarım final oyununda qapısından buraxılan topun əvəzini cəmi 94 saniyə sonra çıxmışdı. O zaman asiyalılar 2-1 hesabı ilə qələbə qazanmışdılar.
Növbəti oyunlar
Çərşənbə günü 26 sentyabr 2012- ci il (bütün matçlar yerli vaxtla göstərilmişdir)
C Qrupu
Meksika-Braziliya (Bakı, 17.00)
Yeni Zelandiya-Yaponiya (Bakı, 20:00)
D Qrupu
Uruqvay-Qana (Bakı, 17:00)
ÇXR-Almaniya (Bakı, 20:00)
(FİFA)
