27 sentyabr 2012 18:22
Rail Məlikovsuz Denizlispor kubokdan kənarlaşdırıldı (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Rail Məlikovun şərəfini qoruduğu Türkiyənin “Denizlispor” klubu növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, onun komandası Türkiyə kubokunun ikinci turu çərçivəsində “Dardanelspor” klubu ilə qarşılaşıb.
Oyun doğma meydanda keçirilirdi. Ona görə də Dənizli klubu bu görüşdə mütləq qalib gəlməyi və mərhələ adlamağı hədəfləmişdi. Amma "Denizlispor" bu görüşdə sürpriz nəticə ilə üzləşib. Hesabı 12-ci dəqiqədə meydan sahibləri açsalar da, 69 və 73-cü dəqiqələrdə iki qol vuran qonaqlar əzmkar qələbə qazanaraq, növbəti mərhələyə adlayıblar. Beləcə, Railin komandası kubokla vidalaşmalı olub.
Bu görüşdə Rail forma geyməyib. Belə ki, baş məşqçi Engin İpekoğlu bir sıra əsas heyət oyunçuları kimi, Railə də aşağı divizion klubuyla görüşdə istirahət verib. Amma görünüdüyü kimi, onun bu taktikası komandasına baha başa gəlib.
Türkiyə kuboku
2-ci mərhələ
27 sentyabr
Denizlispor - Dardanelspor - 1:2
