28 sentyabr 2012 13:17
Juventusun məşqçisi qəsdən adam öldürməkdə günahkar bilinir
İtaliyanın “Juventus” klubunun başı dərddən ayazımır. Azerisport.az xəbər verir ki, bir müddət öncə baş məşçqisi Antonio Konteni danışılmış oyunlarla əlaqədar uzun müddətə itirən Turin təmsilçisi indi də onun köməkçisi Massimo Karreraya görə qalmaqalın mərkəzinə düşüb.
Məsələ burasındadı ki, Kontenin köməkçisi (o, həm də oyunlar zamanı baş məşqçinin funksiyalarını yerinə yetirir) iki qadının həyatını itirdiyi qəzada qəsdən adam öldürmək maddəsi ilə məhkəməyə verilib. Karrera ilə yanaşı həmin adamların ölümünə səbəb olan avtomobil qəzasına görə daha iki nəfər günahkar hesab olunur.
Hazırda məsələ ilə bağlı araşdırmalar davam etdirilir. Yaxın aylarda məhkəmənin yekun qərarı açıqlanacaq. Hələlik Karreranın günahkar olub-olmadığı dəqiq bilinmir.
Qeyd edək ki, Kyara Varani və Patrisia Paninforni adlı iki 23 yaşlı gənc qız zəncirvari qəza zamanı həyatlarını itiriblər. Bu qəzada iştirak edən hər üç avtomobilin sürücüsü günahkar sayılır. Karreranın da maşını həmin qəza zamanı qarşısındakı avtomobillərə çırpılmışdı. Qızlardan biri hadisə yerində, digər xəstəxanada dünyasını dəyişmiş, Karreraya isə heç nə olmamışdı. Hazırda “Juventus”un vəkilləri məşqçilərinin bu məhkəmə davasından günahsız ayrılmasına çalışırlar.
