28 sentyabr 2012 18:05
Türkiyə mətbuatı: Neftçi İnterdən çəkinmir
Azərbaycan çempionu “Neftçi” yenə Türkiyə mətbuatının diqqət mərkəzinə düşüb. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionunun Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması qardaş ölkə mediasının diqqətindən yayınmayıb.
Belə ki, Cihan Xəbər Agentliyi “Neftçi” ilə bağlı geniş xəbər hazırlayıb. “Azərbaycanın “Neftçi” komandası “İnter”dən çəkinmir” adlı xəbərdə komandamızın hazırlıqları barədə məlumat verən agentliyin əməkdaşı “ağ-qaralar”ın gündə iki dəfə məşq edərək “İnter” (İtaliya) matçına hazırlaşdığını qeyd edib.
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev, futbolçular – Rəşad Sadiqov və Julis Vobaydan açıqlama alan türk həmkarımız komandanın yaranma tarixi, həmçinin uğurları barədə oxucuları məlumatlandırıb.
