29 sentyabr 2012 13:02
Galatasaray Qəbələyə üç cavabsız qolla qalib gəldi (FOTO)
Təlim-məşq məqsədilə İstanbula yollanan “Qəbələ”nin 16 yaşa qədər futbolçulardan ibarət komandası qardaş ölkədəki hazırlıq prosesinə yekun vurub. Azerisport.az xəbər verir ki, səfər müddətində “Beşiktaş”lı (2:2) və “Fenerbahçe”li (1:1) həmyaşıdları ilə qüvvəsini sınayan təmsilçimiz son yoxlama oyununda “Galatasaray”la üz-üzə gəlib.
İlk iki rəbibdən fərqli olaraq “sarı-qırmızılılar” 97-ci il təvəllüdlü futbolçularımıza qarşı əsasən 96-cı il təvəllüdlü futbolçularla mübarizə aparıblar. Matç tərəflərin qarşılıqlı hücumları ilə start götürüb. Lakin dəqiqələr irəlilədikcə meydan sahibləri üstünlüyü ələ keçiriblər. 6 gündə 3-cü oyununa çıxan “Qəbələ”də hiss olunan yorğunluq komandanın oyununa və nəticəyə təsirsiz ötüşməyib. Təmsilçimiz matç boyunca rəqibin qapısı önündə bir neçə əlverişli epizod yaratsa da, fəqlənə bilməyib. Əvəzində “Galatasaray” əlinə düşən imkanlardan maksimum yararlanıb və matçdan 3:0-lıq qalibiyyətlə ayrılıb.
