29 sentyabr 2012 13:14
“Futbolçularımızda bu gün fiziki baxımdan yorğunluq hiss edilirdi”
Xəbər verdiyimiz kimi, təlim-məşq məqsədilə İstanbula yollanan “Qəbələ”nin 16 yaşa qədər futbolçulardan ibarət komandası qardaş ölkədəki hazırlıq prosesinə yekun vurub. Azerisport.az xəbər verir ki, təmsilçimiz son yoxlama oyununda “Galatasaray”la üz-üzə gəlib və görüşdən 0:3 hesablı məğlubiyyətlə ayrılıb.
Matçdan sonra “Qəbələ” Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı oyun barədə fikirlərini bölüşüb:
“6 gün ərzində 3-cü oyunumuzu keçirdik. Rəqiblərimiz yüksək səviyyəli komandalar oldu. Bu matçdan öncəki qarşılaşmalarda rəqiblərinə qarşı mübariz oyun nümayiş etdirən futbolçularımızda bu gün fiziki baxımdan yorğunluq hiss edilirdi. Üstəlik “Galatasaray”ın 96-cı il təvəllüdlü futbolçularına qarşı mübarizə apardıq ki, bu da akademiya komandaları üçün çox vacib amildi. Bütün bunlara baxmayaraq komandamız oyunun bəzi məqamlarında mübarizəni istədiyimiz səviyyəyə çatdıra bildi. Futbolçularımızın 0:2 geridə olmasına baxmayaraq oyundan qopmamaları, həvəsdən düşməmələri və psixoloji cəhətdən "sınmamaları" da önəmli və müsbət məqamlardandı”. (klubun saytı)
