29 sentyabr 2012 13:42
Topaz Premyer Liqası, 7-ci tur: Mirbağır İsayevin proqnozu
“Kəpəz”in sabiq baş məşqçisi Mirbağır İsayev azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasının 7-ci turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb. Həmin proqnozlarla sizi də tanış edirik.
Qeyd edək ki, 7-ci turun "İnter" - "Neftçi" matçı təxirə salınıb.
Turan – Xəzər Lənkəran
Əsgər Abdullayev Tovuzda yeni komanda yaradır. “Turan”da xeyli gənc və perspektivli futbolçu var. Özü də Tovuzda oynamaq hər komanda üçün çox çətin olur. “Xəzər Lənkəran” son dövrlər ümidləri doğrultmur. Amma Yunis Hüseynova inanıram. O, gənc mütəxəssis olsa da, vəziyyətdən çıxış yolu tapa biləcək. Fikrimcə, “Turan” da doğma meydan amilindən yararlana bilər. Ona görə də ya heç-heçə olacaq, ya da “Xəzər Lənkəran” qalib gələcək.
Simurq – Qarabağ
Fikrimcə, “Simurq” hazırda çempionatın lideri olmağa layiqdi. Komandada çoxlu təcrübəli legionerlər çıxış edir və onlar ümidləri doğruldurlar. Zaqatala klubunun son oyununa da baxdım və çox bəyəndim. “Qarabağ”da isə əksinə çoxlu yerli futbolçu var. Ağdamlılar topla oynamağı sevirlər. Yəni iki fərqli futbol sərgiləyən komandanın qarşıdurması olacaq. Mənə elə gəlir ki, oyun heç-heçə bitəcək. “Simurq” Zaqatalada asanlıqla 3 xal verməz.
Qəbələ - AZAL
Ramiz Məmmədovun “Qəbələ”yə qayıtması yaxşı amil olsa da, ona vaxt lazımdı. AZAL-da isə Vaqif Sadıqov artıq yaxşı komanda formalaşdıra bilib. “Təyyarəçilər” bu mövsümün əsas sürprizlərindən biridi. Bu oyunun nəticəsini öncədən müəyyənləşdirmək asan deyil. Amma bir şeyi dəqiq deyə bilərəm ki, heç-heçə olmayacaq. Ya AZAL qələbə qazanacaq, ya da “Qəbələ”.
Rəvan – Kəpəz
“Rəvan” bu oyun öncəsi ikinci dəfə baş məşqçisini dəyişdi. Bu, futbolçulara mənfi təsir göstərə bilər. Çünki onların yeni baş məşqçinin sisteminə uyğunlaşması üçün vaxt lazımdı. “Kəpəz”də oxşar proses bir qədər öncə baş verib. Komandada gənc futbolçular oynayır. Mahmud Qurbanovun ixtiyarında xeyli yaxşı futbolçular var. Fikrimcə, komandalar xal bölgüsünə razılaşacaqlar.
Sumqayıt – Bakı
Son turda “Sumqayıt” əsl xarakter nümayiş etdirərək “Neftçi”yə qalib gəldi. Onlar layiqli qələbə qazandılar. Əlbəttə, aydın məsələdi ki, “Neftçi” Serbiyada çox güc sərf etmişdi. Amma istənilən halda sumqayıtlıların əməyini qiymətləndirmək lazımdı. İndi onlar “Bakı” ilə oyuna daha ciddi yanaşmalıdılar. Bojidar Bandoviçin komandası hələlik azarkeşlərin onlardan gözlədiyi oyunu sərgiləyə bilmir. Lakin “zolaqlılar”ı bu görüşün favoriti sayıram. “Bakı”nın qələbə qazanacağına inanıram. Minimum heç-heçə olacaq.
