1 oktyabr 2012 01:39
Milan İnteri Bakıya qələbə ilə gəlir, Rubindən darmadağın (YENİLƏNİB)
Futbol üzrə Rusiya və İtaliya çempionatlarında növbəti turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibləri – “Rubin”lə “İnter” də növbəti matçına çıxıb.
“Rubin” Premyer Liqanın 10-cu turu çərçivəsində səfərdə “Rostov”la münasibətlərinə aydınlıq gətirib. Bu görüş öncəsi Kazan klubu 9 oyundan 15 xalla 8-ci pillədə qərarlaşmışdı. “Rostov” isə 9 xalla 12-ci idi. Gözlənildiyi kimi, tatarlar bu görüşdə asan qələbəyə seviniblər. Kurban Berdıyevin yetirmələri səfərdə oynamasına baxmayaraq, 4 cavabsız qol vurublar. Oyunda hesabı 17-ci dəqiqədə Rondon açıb. 31-ci dəqiqədə o, dublunu rəsmiləşdirib. 81-ci dəqiqədə Boketti hesabı darmadağın həddinə çatdırıb. Yekun nəticəni isə 90-cı dəqiqədə Dyadyun müəyyənləşdirib - 4:0. Beləcə, "Rubin" 18 xalla altıncı sıraya yüksəlib.
"Rubin"in bu oyunda iştirak edən futbolçuları: Rıjikov, Kuzmin, Markano, Navas, Bokketti, Ryazantsev (Kasayev, 79), Orbais, Natxo, G.Karadeniz, R.Yeryomenko (A.Yeryomenko, 86), Rondon (Dyudyin, 82)
Milan “Inter”i isə A Seriyasının 6-cı turunda doğma divarlar arasında “Fiorentina” ilə qarşılaşıb. Qarşılaşma milanlılar üçün yaxşı başlayıb. 17-ci dəqiqədə Milito penaltidən vurduğu qolla hesabı açıb. 34-cü dəqiqədə Kassano komandanın ikinci qolunu vurub. 40-cı dəqiqədə qonaqlar bir qol vurmağa nail olsalar da, bu, "İnter"in qələbəsinə mane olmayıb - 2:1. “Neftçi”nin oktyabrın 4-də Bakıda qəbul edəcəyi bu komanda hazırda 6 oyuna 12 xalla üçüncü pilləyə şəriklik edir.
"İnter" bu oyunda aşağıdakı heyətlə mübarizə aparıb: Handanoviç, Juan, Samuel, Ranokkya, Naqatomo, Zanetti, Qarqano, Koutinyo (Alvares, 71), Kambyasso (Mudinqayi, 82), Milito (Quarin, 85), Kassano.
