29 sentyabr 2012 01:06
Dörd “azərbaycanlı” Tunis ilə oyuna çağırıldı
Futbol üzrə Syerra Leone yığmasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Lars Olaf Mattson Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Tunisə qarşı keçirəcəkləri oyuna Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuları da çağırıb.
Baş məşqçi 4 “azərbaycanlı” futbolçuya dəvət göndərib. Bunlar ölkə çempionu “Neftçi”nin yarımmüdafiəçisi Julius Vobay, “Bakı”nın müdafiəçisi İbrahim Karqbo, eləcə də “Rəvan”da çıxış edən Şerif Suma və Samuel Barlaydı.
Qeyd edək ki, bu futbolçular Tunislə ilk oyuna da dəvət olunmuşdular. Həmin oyun 2:2 hesabıyla başa çatmışdı və Barlay qol vurmuşdu. İlk oyuna AZAL-da top qovan Viktor İbekoyi də dəvət olunmuşdu. Amma o, bu dəfə heyətdən kənar qalıb.
