30 sentyabr 2012 14:35
Neftçi – İnter matçı üçün səfərbərlik davam edir
Azərbaycan çempionu “Neftçi”nin UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya “İnter”i ilə oyununa hazırlıqlar davam edir. Azerisport.az xəbər verir ki, milanlılar Azərbaycan paytaxtına oktyabrın 3-də təşrif buyuracaqlar.
“Neradzurra”nı Bakıya gətirəcək təyyarə yerli vaxtla saat 18:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enəcək. “Neftçi”nin rəqibi aeroportdan birbaşa oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionuna üz tutacaqlar. İtalyanların mərkəzi arenada təxminən bir saatlıq yüngül məşq edəcəyi gözlənilir. Məşqdən sonra isə “İnter”in baş məşqçisi Andrea Stramaççoninin jurnalistlər üçün mətbuat konfransı keçirməsi nəzərdə tutulub.
Oyuna təkcə komandalar yox, həm də Tofiq Bəhramov adına Respublika stadionu hazırlaşır. Artıq Milan klubunun rəsmiləri də mərkəzi arenaya baş çəkiblər. Onları arenanın ot örtüyü narahat edir. Axı hazırda ölkəmizdə keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatının bəzi matçları məhz bu stadionda oynanılır. İtalyanlar oktyabrın 2-də bir daha arenaya baş çəkəcəklər.
Hazırda təhlükəsizlik məsələsi də xüsusi diqqət mərkəzindədi. Həmişə olduğu kimi, bu görüşdə də polislərlə yanaşı, əsgərlərin də xidmətindən yararlanmaq nəzərdə tutulub. Oyun günü stadionun 3000 polis nəfəri tərəfindən mühafizə olunacağı bildirilir. Amma onların sayının artırılması da mümkündü. Maraq üçün xatırladaq ki, 2004-cü ildə keçirilən Azərbaycan – İtaliya oyunu zamanı təhlükəsizliyi 4000 polis qoruyurdu.
Oyuna akkreditasiya artıq başa çatıb. Bu oyuna rekord sayda jurnalistin təşrif buyurması gözlənilir. Onlar təkcə Azərbaycandan və İtaliyadan yox, həm də qonşu Gürcüstan, Rusiya, Türkiyə, hətta Yaponiyadan olan qələm əhlidi.
Şübhəsiz ki, azarkeşlər tərəfindən də oyuna böyük maraq var. Biletlər cəmi iki gündü satışa çıxarılsa da, artıq 17 mindən çoxu satılıb. Qiymətlər isə 2-50 manat aralığında dəyişir. Proqnozlara görə, bazar ertəsinə qədər bütün biletlər satılıb qurtaracaq. Təəssüf ki, təşkilatçılar süni qiymət artımı kimi amilləri nəzərə almayıblar. Bilet alanlar üçün limitin olmaması bəzi işbazların onu alıb sonradan baha qiymətə pərakəndə halda satması kimi xoşagəlməz hallara da səbəb olacaq. Oyun günü belə xoşagəlməzlikləri görməyimiz istisna deyil.
Qeyd edək ki, “İnter” Bakıdakı “Hyatt Regency” otelində məskunlaşacaq. “Neradzurra”nın paytaxtımızda olduğu dövrdə xüsusi polis və mühafizə qrupu tərəfindən qorunacağı gözlənilir.
