30 sentyabr 2012 14:52
Elnur Allahverdiyevi altı oyunluq diskvalifikasiya gözləyir
Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının 7-ci turunda “Turan”ın qonağı olan “Xəzər Lənkəran” 1:2 hesabı ilə uduzduğu qarşılaşmanı həm də 9 nəfərlə başa vurmalı oldu. Azerisport.az xəbər verir ki, buna Lənkəran klubunun iki futbolçusunun meydandan qovulması səbəb oldu.
Matçın baş hakimi Rəhim Həsəqov 23-cü dəqiqədə Ruslan Abışovu meydandan kənarlaşdırdı. 78-ci dəqiqədə isə Elnur Allahvediyev meydandan qovuldu. Abışovun meydandan qovulmasına rəqib futbolçuya qarşı kobudluq səbəb olsa da, Elnurun hakimin üzünə tüpürməsi başına bəla oldu.
İndi hər iki futbolçunu cəza gözləyir. Belə ki, gələn həftə AFFA İntizam Komitəsinin Abışova ən azı iki matç cəza verməsi gözlənilir. Allahverdiyevin cəzası isə daha ağır olacaq. Əgər onun günahı sübut olunsa, futbol qurumu Elnuru 6 oyunluq diskvalifikasiya edəcək.
