1 oktyabr 2012 17:55
Azərbaycanda möhtəşəm bayram abu-havası
Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatında hərarət gündən günə artmaqda davam edir. Qrup oyunlarının bitdiyi bir vaxtda artıq hər kəs səbirsizliklə növbəti mərhələnin - dörddə bir final qarşılaşmalarının vaxtını gözləyir.
"Bu çempionatda mənim 3 favorit komandam var idi ki, onlardan birincisi Azərbaycan, digəri Almaniya, o birisi isə Braziliya komandası idi" deyə Ramiz Əliyev adlı futbol fanatı FIFA.com saytına bildirib."İndi bu komandalardan ikisi 1/4 final mərhələsinə vəsiqə qazanıb. Favoritlərimi çempionatın finalında görmək istəyərəm. Orda isə layiq olan komanda qələbə qazansın".
Azarkeşin bildirdiyi fikirlərdən də aydın olur ki, Azərbaycanda ilk dəfə təşkil olunan FIFA dünya çempionatı yerli əhali tərəfindən böyük coşğu və həvəslə izlənilir. Hər gün həm çempionatın Fan Zonasına həm də stadionlara gələrək komandaları dəstəkləyən yerli sakinlərin turnirə marağı yüksəkdir.
Çempionatda yeganə favoritinin Azərbaycan komandası olduğunu bildirən Elşən Məmmədxanlı isə doğma komandasının turniri erkən tərk etməsinə rəğmən onlar haqda nikbin fikirdədir. "Nəzərə alsaq ki, bu yığma Azərbaycanda ilk qadın futbol yığmasıdır, onda onları həqiqətən də alqışlamağa dəyər. Gənc qızların topla belə professional davranışı məni yaxşı mənada şoka saldı. Bu gedişlə ümid edirəm ki, yığmamız gələcəkdə yüksək nailiyyətlər əldə edəcək".
FIFA prezidenti Yosef Blatterin çempionatın açılışı ərəfəsində futbol ictimaiyyətinə ünvanladığı ismarıc da artıq öz təsdiqini tapmaqdadır. O, bildirmişdi ki, "Azərbaycan futbolun hamı üçün olduğunu nümayiş etdirir". Lənkərandan olan sakin Qurban Həsənli bildirir ki, "İndiyədək Azərbaycanda qadın futbolunun olacağı barədə düşünməmişdim. Ancaq çempionat başlayandan bəri nəinki düşünmək, hətta formalaşmış bir komandamızın olduğunu görürəm. Əksər sakinlərin də hal-hazırda buna reaksiyası müsbətdir. Bir neçə il bundan əvvəl isə bu düşüncələr tamam fərqli idi".
Təşkilati məsələlər barədə yüksək fikirdə olan yerli azarkeşlər də turnirin təşkilindən məmnunluqlarını bildiriblər. Ölkə ilk dəfə futbol üzrə dünya çempionatına ev sahibliyi etsə də, yüksək turnir təşkilatçılığı ilə beynəlxalq futbol ictimaiyyətinin rəğbətini qazanıb. Bunu xarici ölkələrdən təşrif buyurmuş jurnalistlərdən, futbol rəsmilərinin bu tədbir barədə açıqladığı fikirlərdən açıq-aydın hiss etmək olar. FIFA İcraiyyə Komitəsinin Sürixdə keçirilən son iclasında Blatterin Azərbaycanı yüksək təşkilatçılıq potensialına malik bir ölkə kimi örnək göstərməsi də buna bariz nümunədir.
Bir sözlə, 2012-ci il FIFA U-7 qadınlararası dünya çempionatı Odlar Yurdunda əsl bayram abu-havası yaradıb. (FİFA)
