2 oktyabr 2012 18:10
Fabio Kapello Azərbaycanla oyun üçün yekun heyəti açıqladı
Futbol üzrə Rusiya yığmasının baş məşqçisi Fabio Kapello qarşıdan gələn Portuqaliya (12 oktyabr, Moskva) və Azərbaycan (16 oktyabr, Moskva) ilə DÇ-2014-ün seçmə mərhələ oyunları üçün yekun heyəti açıqlayıb. Azerisport.az xəbər verir ki, ilkin heyətdə 36 futbolçu daxil edən italiyalı mütəxəssis onların 12-dən imtina edib və 24 oyunçuya güvənib.
İtaliyalı mütəxəssisin imtina etdiyi futbolçular arasında müdafiəçilər Kiril Nababkin, Georgi Şennikov (hər ikisi CSKA), Taras Burlak (Lokomotiv) Yuri Jirkov (Anji), Yevgeni Makeyev (Spartak, M), həmçinin yarıımmüdafiəçilər Georgi Qabulov, Oleq Şatov (hər ikisi “Anji”), Məhəmməd Ozdoyev (Lokomotiv), Oleq İvanov, İqor Lebedenko (hər ikisi “Terek”), Vladislav Kulik (Kuban) və Aleksandr Ryazantsev (Rubin) də var.
Maraq üçün qeyd edək ki, Kapello ölkə xaricində çıxış edən heç bir rus futbolçuya dəvət göndərməyib. O, həmçinin “Zenit”in imtina etdiyi İqor Denisovla Aleksandr Kerjakovu heyətdə saxlamaqla da hamını təəccübləndirib.
Kapello yekun heyətdə 3 qapıçıya, 7 müdafiəçiyə, 10 yarımmüdafiəçiyə və 4 hücumuya güvənib. Yığmamıza qarşı oynamaq şansı qazanan futbolçuların tam siyahısı isə belədi:
Qapıçılar: İqor Akinfeyev (CSKA), Vladimir Qabulov (Anji), Anton Şunin (Dinamo, M);
Müdafiəçilər: Aleksandr Anyukov, Renat Yanbayev (hər ikisi “Zenit”), Aleksey Berezutski, Vasili Berezutski, Sergey İqnaşeviç (hamısı CSKA), Andrey Yeşenko (Lokomotiv), Vladimir Qranat (Dinamo, M);
Yarımmüdafiəçilər: Diniyar Bilyaletdinov, Dmitri Kombarov (hər ikisi “Spartak”, M), Vladimir Bıstrov, İqor Denisov, Viktor Fayzulin, Roman Şirokov (hamısı “Zenit”), Denis Qluşakov, Aleksandr Səmədov, Dmitri Tarasov (hamısı “Lokomotiv”), Alan Dzaqoyev (CSKA).
Hücumçular: Maksim Qriqoryev (Lokomotiv), Artyom Dzyuba (Spartak, M), Aleksandr Kerjakov (Zenit), Aleksandr Kokorin (Dinamo, M).
