2 oktyabr 2012 00:27
İnter aparıcı futbolçularını Bakıya gətirmək istəmir
İtaliyanın “İnter” klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi” ilə oyuna tam heyətlə gəlməyə bilər. Azerisport.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, Milan təmsilçisi aparıcı oyunçularından Dieqo Milito, Esteban Kambyasso, Rodriqo Palasio, Rikardo Alvares, Xavyer Zanetti və Yuqo Naqatomonu Bakıya gətirmək istəmir. Bu, heç də zədə problemi ilə bağlı deyil. Sadəcə, “İnter”in məşqçilər korpusu qarşıda daha bir vacib oyuna çıxacaq. Belə ki, “Neftçi” ilə görüşdən cəmi üç gün sonra – oktyabrın 4-də “neradzurra” A Seriyasının növbəti turu çərçivəsində “Milan”la derbi matçına çıxacaq. Buna görə də baş məşqçi Andrea Stramaççonu yuxarıda adları çəkilən oyunçulara derbi öncəsi istirahət verməyi düşünür. Çünki son dövrlər sıx qrafiklə oynayan “İnter”də yorğunluqla bağlı problem yaranacağından ehtiyatlanırlar.
Qeyd edək ki, “Neftçi”nin rəqibinin artıq bir oyunçusunu Bakıya gətirməyəcəyi dəqiqdi. Bu, ən azı 10 günlük sıradan çıxan Uesli Sneyderdi. Hollandiyalı futbolçunun heç qarşıdakı “Milan”la görüşdə də iştirakı gözlənilmir. Onunla yanaşı Rodriqo Palasio da zədəli idi. Amma o, artıq komanda ilə məşqlərə başlayıb və Bakıdakı oyunda da olmasa, Milan derbisində çıxış etməsi gözlənilir.
Maraq üçün bildirək ki, “Neftçi” – “İnter” oyunu oktyabrın 4-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
