3 oktyabr 2012 15:36
Azərbaycan millisinin qənimi mühüm dəyişikliklər etmək istəyir
Nigeriya Azərbaycan 2012 çempionatının əsas tapıntılarından biri oldu. Azerisport.az xəbər verir ki, bu komanda özünə inamı, asanlıqla qol vurma qabiliyyəti və sürətli oyunu ilə seçilir. Lakin Piter Dedevbo flaminqoları Fransa ilə sabahkı oyuna daha yaxşı formada çıxarmağı planlaşdırır.
A qrupunda keçirdikləri üç oyun ərzində onlar 15 möhtəşəm qola imza atıblar ki, bu qolların da əksəriyyəti ev sahibləri üzərindəki 11-0 hesablı qələbənin payına düşür. Lakin onlar əllərinə düşən imkanlardan maksimum dərəcədə yararlana bilmirlər. Dedevbo da dörddə bir final oyununadək məhz bu çatışmazlığı aradan qaldırmaq niyyətindədir.
“Biz təhlükəli vəziyyətlər yaradırıq ki, bu da ən vacib amildir. Bəzi komandalar yaxşı oyun göstərir, lakin təhlükəli vəziyyətlər yarada bilmirlər. Belə vəziyyətləri yaratmadıqda isə qol vurmaq da mümkünsüzləşir”, deyə nigeriyalı məşqçi FIFA.com saytına bildirdi. “Komandamın təhlükəli vəziyyətlər yarada bilməsinə sevinirəm, lakin məqsədimiz daha çox səylə çalışmaq və ələ düşən fürsətlərdən maksimum yararlanmağı bacarmaqdır”.
Statistika məqşçinin narahatlığının əsassız olmadığını göstərir. 15 qol olduqca yaxşı göstəricidir. Lakin onların A qrupundakı rəqibləri Kanada dörddə bir finala cəmi üç qol vurmaqla yüksəlib. Nigeriyalılar 92 zərbə yerinə yetiriblər ki, bunlardan da 47-i qapıya yönəlib. Şimali Amerikalılarla oyunda isə onların dörd zərbəsi dirəyə tuş gəlib. Bu göstəriciyə görə onlar Azərbaycanla oyunda imkanları sağa-sola xərcləyən kanadalıları da qabaqlayırlar.
“Kanada ilə ilk qarşılaşmamızda əlimizə çox imkan düşdü, lakin biz onların hamısını havaya sovurduq. Bu oyundan sonra öz səhvlərimizə nəzər saldıq, sonrakı çıxışlarımızı təkmilləşdirməyə çalışdıq və istədiyimizə nail olduq. Bunun əvəzini də Azərbaycanla qarşılaşmada gördük” deyə o, bildirdi.
Fransa ilə oyunda neçə təhlükəli vəziyyət yaradacağımızı bilmirəm, lakin beş belə vəziyyət yaratsaq, onlardan dördündən maksimum yararlanmaq istərdik.
“Dörddə bir final oyunlarında da əsas keyfiyyətlərimizdən birini nümayiş etdirmək niyyətindəyik: Qapı qarşısında göstərdiyimiz oyunu davamlı şəkildə təkmilləşdirmək. Fransa ilə oyunda neçə təhlükəli vəziyyət yaradacağımızı bilmirəm, lakin beş belə vəziyyət yaratsaq, onlardan dördündən maksimum dərəcədə yararlanmaq istərdik”.
Dedevbo adıçəkilən bu keyfiyyətin dörddə bir finala doğru irəliləyərkən onları yarı yolda qoymayacağına ümid edir. 2010-cu ildə onun məşqçiliyi dövründə Trinidad və Tobaqodakı çempionatda onlar məhz bu səbəbdən məğlub olmuşdular. O zaman nigeriyalılar sonda çempionluğa yüksələn Koreya Respublikası ilə iki saatlıq dramatik qarşılaşmanın yekununda 6-5 hesabı ilə uduzmuşdular. Hər iki komandanın qapıya doğru zərbələrinin sayı bərabər olsa da, nigeriyalılar əllərinə düşən fürsətləri boşa verdiklərindən oyunu məğlub durumda başa vurmuşdular.
Sara Nnodim və Oluçi Ofoeqbu çempionatın əvvəlində FIFA.com saytına müsahibələrində həmin oyunun səhvlərindən nəticə çıxardıqlarını bildirmişdilər. Dedevbo da artıq daha təcrübəli olduğunu düşünür: “Trinidad və Tobaqoda keçirilən Dünya Çempionatı, həqiqətən, qadın futbolu və dünya səviyyəli yarışmalar haqda məndə müəyyən fikirlər oyatdı. Dörddə bir final oyununda məğlub olduq, lakin bu dəfə Azərbaycanda əlimizdən gələni edərək həmin məğlubiyyətin səbəblərini aradan qaldırmağa çalışacayıq”.
Dedevbonun digər bir üstünlüyü də Çinvendu İhezuo və Halimatu Ayinde kimi çempionatın ən məhsuldar oyunçularının onun ixtiyarında olmasıdır. Bu oyunçulardan birincisi indiyədək komandanın 11 qolunun vurulmasında pay sahibidir. Hər iki futbolçu haqda Dedevbo belə söyləmişdi: “Onların oyunundan razıyam. Hər ikisinin qol vurub komandaya xal qazandırması məni sevindirir”.
Flaminqoların sürətli və təhlükəli oyunu hər bir komandanı narahat edə bilər, amma Fransa futbolçularının çevikliyi və yaradıcı oyunu afrikalılar üçün bu vaxta qədər keçirdikləri qarşılaşmalardan daha çətin ola bilər, çünki fransızlar gərginlik dolu B qrupundan səkkizliyə aparan yolda kifayət qədər bərkiyiblər.
Bununla belə, Dedevbo 8KM stadionunda keçiriləcək oyundan çox şey gözlədiyini bildirdi: “Bu dünya çempionatında iştirak edən bütün komandalara hörmət bəsləyirik və onların da bizə eyni hörməti göstərməsini istərdik. Biz istənilən komanda ilə mübarizə aparmağa qadirik. Fransaya gəldikdə isə onların oyununa söz ola bilməz. Lakin dörddə bir finalda onlarla qarşılaşarkən Kolumbiya ilə görüşdə olduğundan tam fərqli bir oyun sərgiləmək istəyirik”.
