3 oktyabr 2012 16:19
Sadıq Sadıqov: Neftçinin büdcəsi 7 milyon avrodu
Azərbaycan çempionu “Neftçi”nin prezidenti Sadıq Sadıqov UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın “İnter” klubuna qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutacaq qarşılaşma ilə bağlı öncə bunları dilə gətirib:
“Neftçi” ilə “İnter” arasındakı oyun neftçilərin derbisi olacaq. İki il öncə Milan klubunun prezidenti Massimo Moratti Bakıya səfər etmişdi. O, səfər çərçivəsində ölkə prezidenti İlham Əliyevlə də görüş keçirdi”.
Öz klubundan danışarkən Sadıqov bunları söyləyib: “Bir neçə il öncə mən klubun prezidenti vəzifəsinə gəldikdən sonra dəyişikliklərə başladım. Amma mövsümün başa çatmasını da gözlədim. Sonda beşinci olduq. Belədə baş məşqçini istefaya göndərdim və komandanı yenidən formalaşdırmağa başladıq. Bunun üçün çoxmu pul itirdim? Xeyr”.
“Klubumuzun büdcəsi 7 000 000 avro təşkil edir. Amma ən çox qazanan futbolçumuz ilinə 300 000 avro alır. Bu rəqəmlərin o qədər də vacib olmadığını düşünürəm. Əsas işin təşkilidi” – deyə “Neftçi”nin prezidenti qeyd edib.
Sadıqov braziliyalı futbolçu Flavinyonu komandasına gətirməkdən məmnunluğunu dilə gətirib: “Biz onu “Gremio Barieri”dən almışdıq. Amma həmin vaxt Flavinyo ilə “Genoa” da maraqlanırdı. Bu futbolçu bizdə iki il müddətinə icarə əsasında forma geyirdi. Klubu ilə müqaviləsinin müddəti bitəndə isə biz onun transfer hüquqlarını da aldıq”.
Azərbaycan çempionunun prezidenti Avropa Liqasındakı hədəflərindən də danışıb: “İnter” üzərində qələbə qazanmaq bizim əsas arzularımızdan biridi. Hər halda biz buna nail ola bilərik. Komandamızın itiriləsi heç nəyi yoxdu. Qrupdan çıxmağı bacarsaq, bu, həqiqətən böyük uğur olacaq”.
Qeyd edək ki, “Neftçi” ilə “İnter” arasındakı oyun oktyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
(La Gazzetta Dello Sport)
