4 oktyabr 2012 00:05
Neftçi üçün nəhəng sınaq
Bu gün futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin ikinci turunun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi” də bu turnirdə növbəti oyununa çıxacaq.
Məlum olduğu kimi, komandamız avrokubokların cari mövsümünə Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən start vermişdi. İlk cəhdində Gürcüstan çempionu “Zestafoni” ilə üz-üzə gələn “Neftçi” Bakıdakı ilk oyunda 3:0 hesablı darmadağına imza atmış, Gürcüstandakı qarşılaşmada da məhsuldar heç-heçəyə (2:2) nail olmaqla mərhələ adlamışdı. Lakin “ağ-qaralar” eyni uğuru üçüncü təsnifat mərhələsinin İsrail “Hapoel”iylə (Kiryat Şmona) mübarizədə təkrarlaya bilmədi. Səfərdə 4 cavabsız qola üzülən Azərbaycan çempionu doğma meydanda sadəcə 2:2 hesablı heç-heçəyə nail ola bildi və ÇL-lə vidalaşdı.
Amma reqlamentə əsasən, Azərbaycan təmsilçisi Avroliqada mübarizəni davam etdirmək şansına malik idi. Nüfuzuna görə qitənin ikinci dərəcəli klub turnirinin pley-off mərhələsində “Neftçi” APOEL (Kipr) səddini keçməliydi. Paytaxt klubu Nikosiya təmsilçisini mübarizədən kənarlaşdırmaqla böyük bir tarixi uğura imza atmağı bacardı – 1:1, 3:1. Beləcə, Böyükağa Hacıyevin komandası qitə miqyaslı turnirlərin qrup mərhələsinə vəsiqə qazanan ilk komanda ünvanına sahib çıxdı. “Neftçi” qrup mərhələsi çərçivəsindəki ilk və tarixi oyununda Serbiya “Partizan”ı ilə görüşdü. Komandamız səfərdə oynasa da, qənaətbəxş nəticə qazanmağı bacardı – 1:1.
İndi təmsilçimiz bu uğurun davamını “İnter”lə görüşdə gətirməlidi. Hansı ki, İtaliya klubu H qrupunun əsas favoritidi və “ağ-qaralar”ın belə bir dünya nəhəngi ilə sınağı böyük maraqla gözlənilir.
Tam adı “Football Club Internazionale Milano” olan bu komanda 9 mart 1908-ci ildə yaradılıb. 104 yaşlı klub ev oyunlarını Milandakı məşhur “Cüzeppe Meatsa” (və ya “San Siro”) stadionunda keçirir. Arenanın azarkeş tutumu 80018 nəfərdi. Komandaya hazırda Andrea Stramaççioni başçılıq edir. 36 yaşlı italyan mütəxəssisin futbolçu karyerası uzun sürməyib. 1994-1995 mövsümündə “Bologna”da çıxış edən Stramaççioni ciddi zədə səbəbindən karyerasını erkın başa vurmalı olub. Daha sonra məşqçiliyə başlayan Andreanın ilk peşəkar işi “İnter”di. “İnter”in heyətində italyan futbolçularla yanaşı, Sloveniya, Argentina, Serbiya, Braziliya, Hollandiya, Kolumbiya, Belçika, Keniya, Nigeriya, Uruqvay, Rumıniya, Seneqal, Qana, Yaponiya və Xorvatiyadan legionerlər çıxış edir. Uesli Sneyder, Dieqo Milito, Valter Samuel, Antonio Kassano, Xavyer Zanetti kimi dünya şöhrətli ulduzlar “Neftçi”nin rəqibinin formasını geyinir. “İnter” İtaliyanın ən titullu komandalarındandı. 104 yaşlı klub 18 dəfə ölkə çempionatının qızıl, 13 dəfə gümüş medallarını qazanıb, 7 dəfə İtaliya Kubokuna, 5 dəfə ölkə Super Kubokuna sahib çıxıb. Çempionlar Liqasında 5 dəfə final oynayan komanda 3 halda kuboku başı üzərinə qaldırıb. “İnter” sonuncu dəfə 2010-cu ildə – 45 ildən sonra, Joze Mourinyonun başçılığı altında Çempionlar Liqasının qalibi adını qazanıb. Milan təmsilçisi 3 dəfə UEFA Kubokunun qalibi olub. Bundan başqa, komanda 2010-cu ildə klublararası dünya çempionluğuna sahib çıxıb.
Komandanın Avroliqa üçün iştirak ərizəsi belədi:
Qapıçılar: 1. Samir Handanoviç, 12. Luka Kastellatsi, 27. Vid Beleç, 32. Matteo Çinçilla;
Müdafiəçilər: 4. Xavyer Zanetti, 23. Andrea Ranokkiya, 25. Valter Samuel, 31. Alvaro Pereyra, 40. Juan, 42. Conatan, 44. Matteo Byanketti, 48. Andrea Bandini, 55. Yuto Naqatomo;
Yarımmüdafiəçilər: 6. Matias Silvestre, 10. Uesli Sneyder, 14. Fredi Quarin, 16. Qabi Mudinqayi, 19. Esteban Kambiasso, 20. Joel Obi, 21. Valter Qarqano, 24. Marko Benassi, 28. Simone Pasa, 46. Yaqo Del Pyero, 52. Andrea Romano, 61. Luka Qarritano;
Hücumçular: 7. Koutinyo, 8. Rodriqo Palasio, 22. Dieqo Milito, 49. Covanni Terrani, 88. Marko Livaya, 99. Antonio Kassano.
Göründüyü kimi, “Neftçi”nin bu dəfəki rəqibi heç də sıradan bir komanda deyil. Hər halda dünyanın ən öndə gedən klublarından biri ilə görüş komandamız üçün çox çətin keçəcək. Amma “ağ-qaralar” adlı-sanlı rəqibini doğma meydanda qəbul edəcək ki, bu, komandamız üçün müəyyən üstünlük sayıla bilər. Böyükağa Hacıyevin yetirmələri belə bir rəqiblə görüşdə uğur qazanmaq üçün ilk növbədə Milan təmsilçisinin ad-sanından qorxub-çəkinməməlidi. İkincisi, komandamızın üzvləri belə bir rəqiblə görüşdə təkcə “Neftçi”yə uğur qazandırmaqla kifayətlənməyib həm də özlərini göstərməyə çalışacaq. Axı bu görüşü Avropanın aparıcı klublarının skautları ilə yanaşı, həm də bütün dünya izləyəcək. Çünki qarşılaşmanın bir sıra ölkələrdə canlı yayımlanması nəzərdə tutulub. Deməli, “Neftçi”nin həm yerli, həm də əcnəbi futbolçuları bu görüşə həm də özlərini reklam etmək gözüylə baxaraq, ikiqat əzmlə çalışmalıdılar.
İlk oyununda artıq bir xal qazanmış “Neftçi” üçün “İnter”lə matçda qazanılacaq qələbə komandamızın qrupdan çıxmaq şanslarını da artıra bilər. Güman ki, rəqib Azərbaycan çempionunu qrupun autsayderi hesab etdiyindən, komandamızı o qədər də qiymətləndirməyəcək. Bu isə Hacıyevin yetirmələrinin işini asanlaşdıran məqamlardandı. Amma nəzərə alsaq ki, milanlılar qrupumuzun əsas favoritidi, “ağ-qaralar”ın bir xal qazanması da qənaətbəxş sayıla bilər.
Komandamızın Avroliqa üçün iştirak ərizəsi:
Qapıçılar: 12. Emil Balayev, 24. Rəşad Əzizov, 30. Saşa Stamenkoviç;
Müdafiəçilər: 3. Saşa Yunisoğlu, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 26. Kərim Diniyev, 32. Elvin Yunuszadə;
Yarımmüdafiəçilər: 6. Rəşad Sadiqov, 7. Rodriqinyo, 9. Flavinyo, 10. Julius Vobay, 15. Erik Ramos, 17. Araz Abdullayev, 19. Mirhuseyn Seyidov, 25. Cavid İmamverdiyev, 21. Kamil Nurəhmədov;
Hücumçular: 8. Elşən Abdullayev, 11. Nikolas Kanales, 14. Bahodir Nəsimov, 28. Emin Mehdiyev, 29. İlham Allahverdiyev.
Bu gün "Neftçi"nin yer aldığı H qrupu çərçivəsində keçiriləcək digər oyunda Serbiya "Partizan"ı da Rusiya təmsilçisi "Rubin"lə münasibətlərinə aydınlıq gətirəcək.
Avropa Liqası
H qrupu
4 oktyabr
21:00. NEFTÇİ - İNTER (Milan)
Baş hakim: Kevin Blom
Baş hakimin köməkçiləri: Berri Simons, Davye Qossens.
Dördüncü hakim: Van Dongen
Baş hakimin əlavə köməkçiləri: Danni Makkelye, Tom Van Sixem (hakimlər briqadası Hollandiyadandı)
Hakim-inspektor: Miroslav Liba (Çexiya).
UEFA nümayəndəsi: Kuaniş Kanapyanov (Qazaxıstan).
