3 oktyabr 2012 00:17
Yeni sensasiya axtarışında
Bu gün və sabah futbol üzrə Azərbaycanın Topaz Premyer Liqasında 8-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, turun bir görüşü ilk, dörd qarşılaşması ikinci oyun gününə təsadüf edəcək, bir matç isə təxirə salınıb.
Turun açılış matçında AZAL və “Xəzər Lənkəran” üz-üzə gələcək. Şüvəlandakı “AZAL Arena”da keçiriləcək qarşılaşmada favorit meydan sahibləridi. Yeni mövsümə heç də pis başlamayan və inamlı oyunu ilə seçilən Vaqif Sadıqovun yetirmələri növbəti qələbəsini qazana bilər. Çünki onlardan fərqli rəqib komanda başdan-ayağa problem içindədi. Məsələ burasındadı ki, cari mövsümə çox pis başlayan Yunis Hüseynovun komandası geridə qalan 6 oyunda cəmi bir qələbə qazandığı halda, 3 görüşdə də məğlubiyyətlə üzləşib. Özü də həmin məğlubiyyətlər son üç oyuna təsadüf edib. Komandanın son turda “Turan”la oyunda da məğlub olması klub rəhbərliyinin də səbr kasasını daşırdı. Belə ki, rəhbərlik komandanın məşqçilər korpusunu istefaya göndərməyə qərar verdi. Hüseynov postunda qalsa da, onu da qarşıda çətin sınaq gözləyir. Nə qədər gözlənilməz olsa da, hazırda son pillədə olan komandası növbəti turlarda dönüş yarada bilməsə, onun da vəzifəsindən gedişi istisna deyil. Uğursuz gedişata AZAL-la oyunda son qoymaq isə “gəmiçilər” üçün daha da çətin olacaq. Çünki hələ məğlubiyyət tanımayan iki komandadan biri olan bu rəqiblə görüş səfərdə baş tutacaq.
Digər görüşlər ikinci oyun gününə təsadüf edəcək. Mövsümün daha bir uğursuzu “Bakı”nı “Qəbələ” sınağı gözləyir. Son turda “Sumqayıt”a uduzan “zolaqlılar” indi bu uğursuzluğu doğma meydanda qəbələliləri məğlub etməklə unutdura bilər. Amma Ramiz Məmmədovun gəlişindən sonra uğursuzluqları unutdurmaq istəyən bölgə təmsilçisi də paytaxta uduzmaq üçün gəlmir. Hazırda demək olar ki, eyni durumda olan komandaların dueli az maraq doğurmur.
Liderlər qrupunda möhkəmlənmək istəyən “Qarabağ” isə bu tur Gəncə səfərinə çıxır. Qurban Qurbanovun yetirmələri Mahmud Qurbanovun gəlişindən sonra yüksəlişə keçən “Kəpəz”in qonağı olacaq. Ağdamlılar bu görüşdə qələbə qazanmaqla lider “Simurq”la xallarını eyniləşdirə bilər. Lakin bu, heç də asan olmayacaq. Son turda səfərdə “Rəvan”ı məğlub etməklə komandadakı atmosferi daha da yaxşılaşdıran gəncəlilər rəqibini doğma azarkeşlərinin gözü qarşısında qəbul edəcək. Bu üzdən “Kəpəz” doğma meydanda ən azı bir xal qazanmağa çalışacaq.
Son turda məhz “Kəpəz”ə uduzan “Rəvan” bu tur yenə doğma meydanda çıxış edəcək. “Aslanlar”ı bu dəfə “İnter”lə paytaxt derbisi gözləyir. Kemal Alispahiçin gəlişini qələbə ilə qeyd edə bilməyən bakılılar indi bu uğuru “bankirlər”lə görüşdə qazanmaq istəyir. Bu, ötən mövsümün sürpriz komandası olan “Rəvan”ı autsayderlər qrupundan uzaqlaşdıra bilər. Amma “İnter” də cari mövsümün çempionluğa iddialı klublarındandı və bu görüşdən mütləq qalib ayrılmağı hədəfləyib.
Lider “Simurq” isə bu tur “Sumqayıt”la üz-üzə gələcək. Ötən mövsümün autsayderləri hələ ki, bu il çox inamlı təsir bağışlayırlar. Xüsusilə Zaqatala təmsilçisi hələlik geridə qalan turlarda məğlubiyyət nə olduğunu bilmir və inamla turnir cədvəlinə başçılıq edir. Bernard Raabın komandası isə son iki turda ötən mövsümün çempionu “Neftçi” və kubokun qalibi “Bakı” üzərində qazandığı qələbələrlə hamını təəccübləndirməyi bacardı. İndi onlar bu mövsümün sürpriz komandasına da gücünü göstərmək fikrindədilər. Baxmayaraq ki, matçın Zaqatalada keçirilməsi meydan sahiblərinin işini daha da asanlaşdırır. Buna görə də Georgi Çixradzenin komandası doğma meydan amilindən yararlanaraq, zirvədəki yerini qorumağı hədəfləyib.
Qeyd edək ki, bu turun “Neftçi” – “Turan” görüşü son ölkə çempionunun Avropa Liqasındakı çıxışı ilə əlaqədar başqa tarixə keçirilib.
Topaz Premyer Liqası
8-ci tur
3 oktyabr (çərşənbə)
AZAL – “Xəzər Lənkəran”
Şüvəlan. AZAL Arena. 18:30.
4 oktyabr (cümə axşamı)
“Kəpəz” – “Qarabağ”
Gəncə. Şəhər stadionu. 16:00.
“Bakı” – “Qəbələ”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 16:00.
“Simurq” – “Sumqayıt”
Zaqatala. Şəhər stadionu. 18:00.
“Rəvan” – “İnter”
Bakı. Bayıl Arena. 19:00.
1
7
4
3
0
10-2
15
Bombardirlər:
7 - Franko Nildo (AZAL)
4 - Zohair Benuahi (AZAL)
3- Riçard Almeyda (Qarabağ), Marçin Burhard (Simurq), Salif Ballo (Turan), Pərdis Fərcad Azad (Sumqayıt).
