4 oktyabr 2012 01:57
Kesin-Deklerq cütlüyünün böyük hesablı qələbə seriyası
Fransanın Qambiyaya qarşı son tur oyununda taleyi öz əlində idi. Onlar qrupda altı və ya daha çox qol ortalamasının ilk dəfə olaraq komandanı FIFA U-17 qadınlararası dünya çempionatının pley-off mərhələsinə çıxaracağını bilirdilər.
Onların məşqçisi Qay Feriyer kəskin hücum yönümlü 3-4-3 oyun sxemi ilə artıq oyunun startından öz oyun taktikasını ortaya qoydu. Bu atılan böyük bir risk idi və bu risk xüsusilə Pauline Kesn və Li Deklerq hücumçu cütlüyünün cəhdləri sayəsində oyunun sonunda öz bəhrəsini verdi.
Cütlük Qambiyanın darmadağınına 11-ci dəqiqədə başladı. Deklerqin sol cinahda topla yaxşı hərəkət edərək rəqib qapısı boyunca etdiyi mükəmməl ötürmə düz Kesinin qarşısına gəldi və o da topa astaca toxunaraq hesabı açdı. Bu qoldan sonra cütlük meydanda qol şousu göstərdi. Belə ki, Deklerqin het-triki və Kesinin dubl etməsi Fransanın 10-2 hesablı qələbə qazanmasına, həmçinin qrupdan növbəti mərhələyə zövqlə çıxmasına kömək etdi.
"Bu o qədər də asan deyildi," deyə Kesi FIFA.com saytına qeyd edir. "Biz bu qələbə uğrunda əsl mübarizə aparmalı olduq. Biz müdafiə xəttində demək olar ki, boşluq verməyən bir komadaya qarşı oynayırdıq. Bu səbəbdən biz daha ağıllı oynayıb, onların müdafiəçilərini bir-birindən ayırmalı olduq. Biz ilk qolu vurduq və bu qol da növbəti qolları vurmağa bizə imkan verdi".
Deklerq əlavə edir: " İkinci hissənin başlanğıcında biz bir az qətiyyətsiz idik, lakin biz dəqiqələr ötdükcə Qamibya oyunçularının yorulacağını və daha asanlıqla qollar vura bilcəyimizi bilirdik".
Bu iki fransalı ulduz arasında çox böyük oxşarlıq vardır. Onlar hər ikisi hücumçudurlar. Henin-Beaumont adlı eyni klubda forma geyirlər, Fransanın şimalındakı eyni əyalətdəndirlər və hər ikisinin saçları sarıdır. Onlar, həmçinin, gülməkdən həzz alır, oteldə eyni otaqda qalır, zarafatca qollar vurur və ümumilikdə bir-biri ilə yaxşı yola gedirlər.
"Deməzdim ki, mən meydanda Lini digər oyunçulardan daha asan başa düşürəm" deyə Kesn qeyd edir. "Lakin əlbəttə ki, mən onun xasiyyətinə hamıdan yaxşı bələdəm. Biz dostuq və bütün futbol mövsümünu bir yerdə oynayırq. Bu da təbii ki, meydanda bir-birimizi yaxşı anlamağa kömək edir".
Onların karyera yolları da oxşar olmuşdur. İstedadlı gənclərin futbola olan ehtirasları kollecdə oxuyarkən tənəffüslərdə topu ora-bura vurmaqla yaranmışdır və sonra onlar 15 yaşından futbol klublarına yazılıb. Regional komandaları təmsil etməklə bu ehtirası küçə meydançasından peşəkar futbol meydançasına götürmüşlər.
"Mən Poulinlə Pas-de-Kales klubunu təmsil etdikdə tanış olmuşam" deyə onun şimal əyalətindən olduğunu bildirən ləhcə ilə Deklerq qeyd edir. "Biz sonra Fransa komandasının bir hissəsi olmamışdan əvvəl Henin-Beaumont klubuna birlikdə qoşulmuşduq".
Komanda naminə
Ayrılmaz cütlüyün istedadının aşkar edilməsi Fransa komandası üçün yaxşı xəbər olmuşdur. Belə ki, onlar bu ilin əvvəlində keçirilmiş UEFA qadınlararası avropa çempionatında fransalıların möhtəşəm performans sərgiləməsində mühüm rol oynamışlar və eynilə də Azərbaycan 2012-də indiyə qədər möhtəşəm oyun sərgiləmişlər. Bununla belə, Kesin və Deklerqin sözlərinə görə onlar üçün komandanın uğuru onların fərdi uğurlarından daha vacibdir.
"Biz hücumçuyuq, belə ki, qol vurmaq bizim vəzifəmizdir," deyə Kesin qeyd edir və sonrada əlavə edir: "Lakin qolların vurulması üçün oyun qurulmalıdır. Belə ki, bizdən arxa xəttlərdə oyunçular topu rəqibdən alırlar, onunla hərəkət edirlər, digər komanda yoldaşlarını sığortalayırlar, ötürmə edirlər və s.. Yəni vurulan qollar bir neçə qrup adamın cəhdlərinin məhsuludur".
"Li Qambiyaya qarşı oyunda əla oyun nümayiş etdirdi və bu oyununa görə mən onu çəkinmədən təriflədim" deyə məşqçi Feriyer qeyd edir. "O, boyca artıb və artıq fiziki formasını da bərpa etməkdədir. İndi o, yenidən əvvələr tanıdığımız Li Deklercqiyə çevrilir. O, son vaxtlarda sərt oyununu azca itirmişdi, lakin indi hər şey bərpa olunub. Bununla belə komandanın uğurunda əməyi olan ondan başqa digər oyunçular da vardır".
Kesin barədə Feriyer qeyd edir: "Kesin Paulinə gəldikdə o, sözün əsl mənasında rəqibin cərimə meydançasında oynayan bir oyunçudur. O, meydanın sıx olan hissələrində çox yaxşı oynayır. Bu turnirdə Kesin daha çox qol vura bilərdi, bununla belə mən onun performansından çox razıyam".
Öz növbəsində, Kesin və Deklerq də komanda yoldaşlarının əhəmiyyətini dərhal qeyd edirlər. "Komanda daxilində əla ruh var," deyə onlar qeyd edirlər və sonra birlikdə gülüb əlavə edirlər: "Gəlin sizə bəzi sirləri açaq: Qridj Mbok Beti və Amandin Blank əla rəqqasdırlar və Aissatu Tunkare və Kadidiatu Diyani yaxşı saç ustalarıdırlar!"
Cütlüyün istedadı və şən xasiyyəti Fransanın yarımfinala çıxmasında, şübhəsiz, mühüm rol oynayacaq. Son dördlüyə çıxmaq yolunda onların qarşısında cümə axşamı Bakıda qarşılaşacaqları Nigeriya durur.
