4 oktyabr 2012 16:12
“Hələ öz oyunumdan yüz faiz razı deyiləm”
“Hələ öz oyunumdan 100% razı deyiləm”, deyə Yuki Momiki Yaponiyanın meksikalıları 9-0 hesabı ilə məğlub etməsindən sonra FIFA.com saytına müsahibəsində bildirdi. Nəzərə alsaq ki, yarımmüdafiəçi zədəli olduğu halda qollardan birini sərbəst zərbədən mükəmməl şəkildə yerinə yetirib və digər bir qolun taktiki qurulmasında iştirak edib, onun əla formada olarkən nələrə qadir olduğu tamaşaçıda maraq oyadır.
Cərimə zərbələrinin mahir ifaçısı olan bu alçaqboylu futbolçu Azərbaycanda keçirilən 2012-ci il 17 yaşadək qızların futbol üzrə Dünya Çempionatına zədəli halda qatılmışdı və elə bu səbəbdən Yaponiyanın Braziliyaya qarşı keçirdiyi ilk oyunu buraxmalı olmuşdu. Yeni Zellandiyaya qarşı oyunda bütün 90 dəqiqə ərzində meydanda oldu, lakin Meksika ilə qarşılaşmada topla nəyə qadir olduğunu göstərmək üçün ona 45 dəqiqə kifayət etdi.
“Sərbəst zərbələrim üzərində işləyirəm”, deyə o, bir qədər təvazökarlıqla dedi. “Hər gün məşqdən sonra əlavə olaraq qalır və öz üzərimdə çalışıram”.
Ötən bazar günü onun asteklərə qarşı oyunu sübut etdi ki, məşqlər oyunçuları püxtələşdirir. Oyunun sonuna 11 dəqiqə qalmış meksikalıların cərimə meydançası yaxınlığında sərbəst zərbə yerinə yetirən Momiki topu əymə zərbə ilə canlı səddin yanından qapının uzaq küncünə yönəltdi və beləliklə, komanda xal hesabını 8-0-a çatdırdı. Bir neçə dəqiqə sonra o, digər bir hücumun uğurla tamamlanmasına yardımçı oldu. Topu dəqiq sərbəst zərbə ilə Mizuki Nakamuraya ötürdü, sonuncu isə baş zərbəsi ilə onu tora göndərdi.
Bununla belə, 16 yaşlı bu qızın oyunu yalnız yaxşı düşünülmüş taktikadan ibarət deyil. Kumiri David Silva kimi o, da fəal yarımmüdafiəçi olub müxtəlif mövqelərdə oynamağı, daha sonra topla irəliləyərək komanda yoldaşlarından birinə təhlükəli ötürmə etməyi xoşlayır. İspaniya yığmasının və Mançester Siti klubunun ulduzu kimi Momiki də solaxaydır, lakin sağ ayağı ilə də effektiv zərbələr yerinə yetirməyi bacarır.
Lakin Gənc Çempionların Silvanı və onun komanda yoldaşlarını bir nümunə olaraq görmələri haqda suala gəldikdə o, belə cavab verdi: “Biz də onlar kimi oyunda mövqeləri dəyişmək və topla çoxlu ötürmələr etmək istəyirik, lakin bizim əsas məqsədimiz özümüzün fərdi bacarıqlarının inkişaf etdirilməsidir”.
Nümunə götürüləcək insan
Momiki Hiroşi Yoşidanın Azərbaycan 2012 Çempionatında tamaşaçıların zövqünü oxşayan çoxsaylı yetirmələrindən biridir. O, dörd il əvvəl Yeni Zellandiyada keçirilən 17 yaşadək qızların futbol üzrə ilk Dünya Çempionatında Qızıl Butsi mükafatına sahib çıxan NTV Beleza klubundakı komanda yoldaşı Mana İvabuçinin yolunu davam etdirir.
Hələ 19 yaşı olmasına baxmayaraq, İvabuçi 2011-ci ildə qadınlar arasında futbol üzrə Dünya Çempionatında və 2012-ci ildə Londonda qadınların futbol üzrə Olimpiya Yarışlarında öz ölkəsini təmsil etmişdi. Bu baxımdan, o, Momiki üçün əsl nümunədir. Yaponiyanın 19 nömrəli futbolçusu İvabuçinin sürətli inkişaf yolunu davam etdirir. O, bu mövsümdə ilk dəfə olaraq klub komandasına qəbul edilib. Burada da komanda yoldaşı Homare Savanın bacarıqları onların inkişafına öz töhfəsini verir.
2008-ci ildə Yeni Zellandiyada dörddə bir final oyununda Yaponiyanın penaltilər seriyasında İngiltərəyə yenilməsinə baxmayaraq, hər kəs onların Azərbaycan 2012 Çempionatında finala yüksələcəklərini gözləyir. Lakin bu gözləntilər Momikini heç də arxayın salmır: “Futbolda oyunun gedişatını proqnoz etmək mümkün deyil, finala yüksəlmək üçün hələ uzun yol qət etməliyik”.
Əgər yaponlar finala qədər yüksələ bilsələr, yarımmüdafiəçinin arzusu Almaniya ilə qarşılaşmaqdır: “Əgər finala qədər irəliləsək, Almaniyanı məğlub etmək istərdik, çünki onların 20 yaşadək qızlardan ibarət yığması ölkəmizdə keçirilən çempionatda yarımfinal oyununda bizim komandanı məğlubiyyətə uğratmışdı. Bizim onlarla hələ çəkiləcək hesabımız var”.
Lakin bundan əvvəl onlar hələ cümə günü dörddə bir final oyununda Qana səddini aşmalıdırlar.
Qarşılaşmanı səbirsizliklə gözləyən Momiko bildirdi: “Bizim qrup mərhələsindəki göstəricilərimiz əladır (3 qələbə, vurulan qolların sayı - 17, buraxılan qolların sayı - 0), lakin qrup oyunları dörddə bir final və yarımfinal oyunlarından tamamilə fərqlənir. Bu dəfə biz oyuna bir qədər fərqli yanaşacayıq”.
Qanalılar da bacardıqları qədər cərimə meydançası yaxınlığında yaponların sərbəst zərbə yerinə yetirmələrinə imkan verməyəcəklər, çünki Momiko burada əlinə düşən bütün imkanlardan maksimum yararlanmaq üçün hazır vəziyyətdə olacaq.
