4 oktyabr 2012 17:23
“İnterlə oyunda minimum vəzifəmiz heç-heçədi”
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin köməkçilərin Bəxtiyar Musayev UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın “İnter” klubuna qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində, o, Bakıda baş tutacaq qarşılaşma ilə bağlı öncə bunları dilə gətirib:
“Bu oyuna bütün biletlərin satılıb qurtarması bizi sevindirir. Axı komanda üçün yaxşı dəstək həmişə vacibdi. Belə oyunda isə dəstəyə daha çox ehtiyacımız var. Dolu tribunalar bizə kömək edə bilər. “Neftçi” bu oyunda qələbəyə ciddi şəkildə köklənib. Biz rəqibimizin ad-sanından çəkinmirik. Öz gücümüzə inanırıq. Əgər bütün taktiki tapşırıqlar istənilən səviyyədə yerinə yetirilsə, onda müsbət nəticə qazana biləcəyik”.
Musayevin fikrincə, rəqibin aparıcı futbolçularının Bakıya gətirilməməsi onların işini asanlaşdırmır: “İnter” böyük klubdu. Burda çıxış edən futbolçular hədər yerə kluba dəvət olunmayıblar. Ona görə də bizimlə oyunda onların hansısa futbolçularının yoxluğunun hiss olunacağını düşünmürəm. Onların ehtiyat qüvvəsi da var. Ola bilər ki, ustalıq səviyyəsi təcrübəli futbolçulardakı qədər olmasın. Amma inanıram ki, gənc futbolçularının da deyəcək sözləri var. Onlar bizə qarşı ikiqat güclə mübarizə aparacaqlar”.
“Neftçi”nin çalışdırıcısı komandanın aparıcı futbolçusu Cavid İmamverdiyevin zədəsindən də danışıb: “Bu, komandamız üçün ciddi itkidi. Amma bu oyunda onu əvəzləyə biləcəyik. Bizim başqa futbolçularımız da var. Bir itkiyə görə narahat olmağa dəyməz. Öz oyunumuzu göstərməyə çalışmalıyıq. Əgər “Partizan”a qarşı oynadığımızdan daha yaxşı futbol sərgiləyə bilsək, “İnter”i məğlub edəcəyik. “İnter”lə oyunda minimum vəzifə heç-heçədi”.
Qeyd edək ki, “Neftçi” ilə “İnter” arasındakı oyun bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
