4 oktyabr 2012 12:06
Mahir Şükürov: Komanda İnter üzərində qələbəyə köklənib
“Neftçi”nin futbolçusu Mahir Şükürov UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın “İnter” klubuna qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutacaq qarşılaşma ilə bağlı UEFA-nın rəsmi saytına açıqlamasında öncə bunları dilə gətirib:
“Neftçi”nin geniş təqdimata ehtiyacı yoxdu. Azərbaycan futbolu keçmiş SSRİ-də yalnız bu klubun sayəsində tanınırdı. Müasir dövrdə də “Neftçi” öz sözünü deməyi bacarır. Amma etiraf etməliyəm ki, bizim Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacağımıza çox az adam inanırdı. Çempionlar Liqasındakı mübarizəmizi dayandırdıqdan sonra demək olar ki, hər kəs bizi siyahıdan silmişdi. Ancaq “Neftçi” APOEL kimi komandanı mübarizədən kənarlaşdırmaqla tarix yazmağı bacardı. Bu, bizim üçün böyük bir tarixi uğur olsa da, yeni uğurlar qazanmağımızı da tələb edir. Şadam ki, bu uğura imza atan ilk Azərbaycan klubu məhz “Neftçi” oldu”.
Bəs görəsən, Mahir və komanda yoldaşları “İnter”lə oyuna nə dərəcədə hazırdı? Şükürovu dinləyək: “Demək olar ki, bütün futbolçularımızın böyük təcrübəsi var. Məsələn, elə az öncə mən Kristiano Ronaldoya qarşı mübarizə aparmışam. Hansı ki, o, Lionel Messi ilə birgə dünyanın iki ən güclü futbolçusundan biridi. “Neftçi”nin legionerləri də böyük təcrübəyə malikdi. Onlar da ölkələrinin yığmalarında çoxlu oyun keçiriblər. “İnter”in Bakıya optimal heyətlə gəlməməsi bizi arxayınlaşdıra bilməz. İstənilən halda bizə qarşı həvəskarlar yox, peşəkar futbolçular oynayacaq. Meydana yalnız qələbə üçün çıxacağıq. “Neftçi” öz oyununu göstərməsi, uğur qazanması üçün əlimizdən gələni edəcəyik. Bütün komanda qələbəyə köklənib”.
Şükürov sonda bunları söyləyib: “Neftçi”nin heyətində həqiqətən çoxlu gənc futbolçular var. Bu matça marağın böyük olduğunu nəzərə alsaq, hansısa futbolçumuz xarici klubların skautlarının diqqətini çəkə bilər. Axı xaricdə oynamaq hər bir futbolçu üçün faydalıdı. Məsələn, mənim “Anji”də topladığım təcrübə karyeramda az əhəmiyyət daşımır. Qrupumuzdakı rəqiblərdən “Rubin”i Rusiya çempionatından yaxşı xatırlayıram. Onların “Partizan” üzərində qələbəsinə inanıram. Bizi də “Rubin”lə maraqlı oyun gözləyir”.
Qeyd edək ki, “Neftçi” ilə “İnter” arasındakı oyun oktyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
