5 oktyabr 2012 01:41
Neftçinin 13 illik seriyası qırıldı
Azərbaycan çempionu “Neftçi” Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirdi. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu bu dəfə İtaliyanın ünlü “İnter” klubunu qəbul etdi ki, 90 dəqiqənin tamamında meydanı 1:3 hesablı yenilgi ilə tərk etdi.
Qeyd edək ki, bu, “Neftçi”nin avrokuboklarda (Kuboklar Kuboku, İntertoto Kuboku, Çempionlar Liqası, Avropa Liqası/UEFA Kuboku) 38-ci oyunu oldu. Bakı klubu 12 qələbə qazanıb, 9 heç-heçə edib və 17 dəfə uduzub. Rəqib qapılarına 35 qol vuran komanda 65 dəfə özü məyus olub.
“Neftçi” bu oyuna qədər 13-cü il idi ki, ev oyunlarında uduzmurdu. Belə ki, komanda sonuncu dəfə 1999-cu ilin yayında, UEFA Kubokunun I təsnifat mərhələsi çərçivəsində Serbiyanın “Srvena Zvezda” klubuna yenilmişdi. Bundan sonra baş tutan 14 avrokubok oyununda “Neftçi” məğlubiyyət üzü görməmişdi.
