5 oktyabr 2012 11:29
Massimo Moratti: Neftçinin ikinci hissədəki oyunu xoşuma gəldi
İtaliyanın “İnter” klubunun prezidenti Massimo Moratti Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 3:1 hesablı qələbə qazandıqları görüşdən sonra bunları söyləyib:
“Bu, heç də asan oyun olmadı. Xüsusilə də ikinci hissədə futbolçularımız üçün çətin oldu. Amma bir qədər bəxtimiz gətirdi. Çünki ilk yarıda erkən qollar vurmağa nail olduq. Məhz bunun da sayəsində qələbə qazandıq. Fasilədən sonrakı çıxışımız göstərdi ki, həmin erkən qollar olmasaydı, hər şey bizim üçün başqa cür də nəticələnə bilərdi”.
“Neradzurra”nın prezidenti rəqib komandanın futbolçularından kimisə fərqləndirməyə ehtiyac duymasa da, bütövlükdə “Neftçi”ni bəyəndiyini deyir: “Düzünü deyim ki, “Neftçi”nin futbolçularının heç birini adla tanımıram. Ona görə də kimisə fərqləndirmək çətindi. Amma etiraf etməliyəm ki, ikinci hissədə qarşımızda tam fərqli komanda var idi. Komandanızın məhz fasilədən sonrakı oyunu çox xoşuma gəldi”.
Moratti hakimlik barədə də danışıb və bildirib ki, hollandiyalı Kevin Blomdan penalti gözləsə də, o, bunu etməyib: “Hakimlik barədə xüsusi danışmaq istəmirəm. Sadəcə onu qeyd edə bilərəm ki, o, hələ ilk yarıda bizim lehimizə penalti verməli idi. Amma holland referi bunu etmədi. Lakin hər şeydən önəmli olan budu ki, “İnter” qələbə qazandı”.
