6 oktyabr 2012 00:39
100-cü qol, debüt və yenə İnter
Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində Bayıl stadionunda keçirilən “Rəvan” - “İnter” matçı bir neçə maraqlı faktlarla yadda qaldı. Azerisport.az həmin faktlarla sizi də tanış edir.
Beləliklə, matçın 26-cı dəqiqəsində fərqlənən Nizami Hacıyev cari Premyer Liqanın 100-cü qoluna imza atdı.
“İnter” mövsümdə dördüncü dəfədir qapısından qol buraxmadı. Cari mövsümdə bu komanda yalnız “Qarabağ”, “Qəbələ” və “Turan”la keçirilən matçda oyuna mərkəzdən başlayıb.
Nizami Hacıyev və Baçana Tsxadadze cari mövsümdə “İnter”in heyətində fərqlənən 6-cı və 7-ci futbolçular oldular. Maraqldı ki, “İnter”in yeddi oyunçusunun aktivində bir qol var.
“Rəvan”la matç cari mövsümdə qapıçı Revaz Tevdoradze və yarımmüdafiəçi Samir Zərgərov üçün debüt oyunu oldu. Lakin Samir ötən mövsümdə də “İnter”in heyətində meydana çıxmışdısa, Revaz üçün bu qarşılaşma Azərbaycan çempionatında ilk matç oldu. Qeyd edək ki, bu mövsümün ilk 7 oyununda “İnter”in heyətində meydana 21 oyunçu çıxıb: 8 yerli futbolçu və 13 legioner.
Mövsümdə ikinci dəfə “İnter”ə bir qarşılaşmada 1-dən artıq qol vurmaq müyəssər oldu. Belə ki, bunadək yalnız “Turan”la oyunda 3 qol qeydə alınmışdı.
"İnter” - “Rəvan” qarşılaşmalarında “bankirlər” rəqibə xal toplamağa imkan verməyib. Xatırladaq ki, ötən mövsüm bu komandalar arasında baş tutmuş hər iki oyunda “İnter” qələbə qazanmışdı (2:1,1:0).
