7 oktyabr 2012 02:38
“Favoritlər rəqibi lazımınca qiymətləndirmədilər”
Sonda Gənc Nadeşiko bu təzyiqin altında davam gətirə bilmədi. Azərbaycanda keçirilən 2012-ci il 17 yaşadək qızların futbol üzrə Dünya Çempionatının qrup mərhələsində bir qol belə buraxmadan bütün qarşılaşmalardan qalib ayrılan və kuboka iddialı olan yaponlar dörddə bir final mərhələsində Qana yığmasının oyunçusu Şerifatu Sumailanın yeganə qolu qarşısında aciz qaldılar.
Qarşılaşmanın hakimi Katerina Monzul final fitini səsləndirərək prinsipial dörddə bir final oyununun başa çatdığına işarə edəndə istedadlı yapon futbolçuların üzərinə sanki qara buludlar çökdü. “Qrup mərhələsindən sonra hər kəs yapon futbolunun qüdrətindən, yaponların dünya kubokuna sahib çıxacağından danışırdı”, deyə komandanın sarsılmış kapitanı Yui Narumiya Qanaya məğlubiyyətdən sonra FIFA.com saytına verdiyi səmimi müsahibəsində bildirdi.
“Futbolumuzun azarkeşlər, eləcə də mütəxəssislər tərəfindən belə yüksək qiymətləndirilməsi məni çox sevindirir. Lakin bu, öz növbəsində bizim çiyinlərimizə düşən yükü ikiqat artırırdı”, deyə Azərbaycandakı Çempionatın ən yaxşı oyunçularından hesab edilən 9 nömrəli bu futbolçu əlavə etdi. O, həmçinin, Qara Şahzadələrin də ünvanına xoş sözlər söylədi: “Qana futbolçuları çox cəlddirlər və çəkinmədən təhlükənin üzərinə atılırlar. Bu da öz növbəsində bizdə bir az qorxu hissi oyatdı, amma mən bu qorxuya qalib gəlməyə çalışdım”.
Afrikalılar isə yarımfinala vəsiqə qazanan ilk AFK nümayəndəsi olmaqla tarix yazdılar. Onlar möhtəşəm fiziki hazırlıq nümayiş etdirməklə Gənc Nadeşikonun qısa ötürmələr üzərində qurulan maraqlı oyununu heç etməyi bacardılar.
“İlk dəfə idi ki, Afrika komandasına qarşı oynayırdıq. Bizim üçün bu, yeni təcrübə idi”, deyə Narumiya sözlərinə davam etdi. Məğlubiyyətin günahını özlərindən başqa heç kəsdə görməyən komandanın baş məşqçisi isə iki yığma arasındakı fiziki uyğunsuzluqdan danışdı. “Göründüyü kimi bizim futbolçularımız fiziki ölçülər baxımından rəqiblərindən geri qalırdılar. Bu da onlar üçün oyunu daha da çətinləşdirirdi. Buna baxmayaraq, qarşılaşmanın belə çətin keçəcəyi bizim üçün gözlənilən idi”, deyə Yoşida bildirdi.
Yaponiyalı kapitan özünü və komanda yoldaşlarını həm də C qrupundakı qüsursuz çıxışlarından sonra həddən artıq özünə əminlikdə günahlandırdı: “İlk mərhələdə belə böyük sayda qol vurduqdan sonra (ümumilikdə, Yaponiya 17 cavabsız qol vurmuşdu), görünür, komandada özünə arxayınlıq yaranıb.
"Bu, o demək deyil ki, biz finala yüksəlməyin asan olacağını düşünürdük. Sadəcə qarşıdakı oyunların bu dərəcədə çətin keçəcəyi bizim üçün gözlənilməz idi” deyə o, səmimi şəkildə sözlərinə davam etdi, “Biz irəliləyə biləcəyimizi və rəqiblərimizdən çəkinmədən öz oyunumuzu göstərə biləcəyimizi düşünmüşdük”.
Atalar söylədiyi kimi keçənə güzəşt deyərlər. Yaponiyanın 20 yaşadək qızlardan ibarət yığmasının da baş məşqçisi olan Yoşida indi gələcəyə inamla baxır: “Bu çempionatda yalnız bir dəfə səhv etdik və bu, bizə baha başa gəldi. Lakin yetirmələrimin bu oyundan nəticə çıxardıqlarına inanıram. Dünya Çempionatında qalib gəlmək asan iş deyil. Əminəm ki, burada qazandıqları təcrübə iki il sonra keçiriləcək 20 yaşadək qızların Dünya Kuboku kimi gələcək çempionatlarda onların uğurlu çıxışlarına yol açacaq”.
Bundan sonra Narumiya və Ko gələcəyə bir qədər ümidlə baxmaq istəsələr, 2008-ci il Yeni Zellandiya Çempionatına nəzər sala bilərlər. O zaman Mana İvabuçinin də heyətində yer aldığı Yaponiya yığması qrup mərhələsinin bütün oyunlarında qalib gəlmiş və yalnız İngiltərə ilə dörddə bir final qarşılaşmasında oyunsonrası penaltilər seriyasında ağır məğlubiyyətə düçar olmuşdu.
Halbuki, indi 19 yaşında olan İvabuçi 2011-ci il qadınlar arasında futbol üzrə Dünya Çempionatının kubokuna, eləcə də Qadınların Futbol üzrə Olimpiya Yarışlarında gümüş medala sahibdir. Gənc Nadeşiko üçün bu, əsl nümunədir və əgər onlar Azərbaycan Çempionatından lazımi nəticəni çıxarsalar, onları parlaq bir gələcəyin gözlədiyini əminliklə söyləmək olar.
