7 oktyabr 2012 11:32
Julius Vobay: İnterdən buraxdığımız qollarda özümüz günahkarıq
Azərbaycan çempionu “Neftçi”nin yarımmüdafiəçisi Julius Vobay Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya “İnter”inə qarşı keçirdikləri oyundan danışıb. Azerisport.az saytına müsahibəsində o, 1:3 hesabıyla uduzduqları görüşü belə şərh edib:
“Biz birinci hissəni o qədər də yaxşı keçirmədik. Halbuki, daha yaxşısına nail ola bilərdik. Əlbəttə, rəqibimiz də sıradan komanda deyildi. Amma buna baxmayaraq, ikinci hissədə nisbətən yaxşı təsir bağışladıq. Təəssüf ki, gücümüz yalnız bir qola çatdı”.
“Biz birinci hissəni o qədər də yaxşı keçirmədik. Halbuki, daha yaxşısına nail ola bilərdik. Əlbəttə, rəqibimiz də sıradan komanda deyildi. Amma buna baxmayaraq, ikinci hissədə nisbətən yaxşı təsir bağışladıq. Təəssüf ki, gücümüz yalnız bir qola çatdı”.
Syerra-Leone yığmasının xavbeki ilk yarıdakı bərbad çıxışlarının səbəbini belə izah edib: “Buraxdığımız qolların günahkarı özümüzük. Bir neçə kobud səhvlərə yol verdik. Rəqib isə bunları bağışlamadı və nəticədə üç qol buraxdıq. İkinci yarıya bir qədər fərqli istəklə çıxmışdıq. Qalan dəqiqələr ərzində vəziyyəti dəyişmək istəyirdik. Hətta ilk qolu vurandan sonra buna inanmağa başladım. Amma qolun ardını gətirə bilmədik”.
“İnter”in aparıcı futbolçularının Bakıya gətirilməməsinə də toxunan Julius bunları söyləyib: “Həqiqətən də bizimlə oyunda milanlıların heyətində bir sıra gənc futbolçulara yer verilmişdi. Amma onların demək olar ki, hamısı “neradzurra”nın əsas heyət oyunçusu sayılır. İstənilən halda belə bir komandaya qarşı mübarizə aparmaq asan deyildi”.
Vobay öz komandasındakı itkiyə - Cavid İmamverdiyevin yoxluğuna da toxunub: “Əlbəttə, Cavid İmamverdiyevin zədə səbəbindən bu görüşü buraxması bizim üçün mənfi hal idi. Çünki bu mövsüm irəlidə biz onunla daha çox oynamışdıq. Uğurlarımızda da müəyyən pay sahibidi. Lakin istənilən halda “Neftçi”də hər bir futbolçunu layiqincə əvəz edə biləcək ehtiyat qüvvə var”.
“Neftçi”ni Avroliqanın növbəti turunda Rusiya “Rubin”i ilə qarşılaşma gözləyir. Lakin Vobay indidən bu komanda haqda düşünməyin tez olduğunu bildirir: “Komanda hələlik Kazandakı görüş barədə düşünmür. Çünki bizi hələ “Turan”la qarşılaşma gözləyir. “Rubin”lə oyuna isə xeyli vaxt qalır”.
