8 oktyabr 2012 16:06
Xəzər Lənkəran Kamran Ağayevi bağışladı
“Xəzər Lənkəran” rəhbərliyi futbol üzrə Azərbaycan yığmasının əsas qapıçısı Kamran Ağayevi bağışlayıb. Azerisport.az xəbər verir ki, məşqçilər korpusu da onun əsas komandaya dönüşünə razılaşıb.
Beləliklə, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Rusiya – Azərbaycan matçından sonra Kamran yenidən “Xəzər Lənkəran”ın əsas heyətində məşqlərə başlayacaq. Lakin onun əsas heyətdə meydana çıxması yalnız özünü yaxşı tərəfdən göstərməsindən asılı olacaq.
Qeyd edək ki, Kamran Ağayev Avropa Liqasının Polşa “Lech”i ilə oyundakı məğlubiyyətdə əsas günahkarlardan biri kimi komandadan uzaqlaşdırılmışdı. Lakin onun milli üzvü olması səbəbindən adı yeni mövsümün sifariş ərizəsinə salınmış və əvəzedici komandada məşq etməsinə şərait yaradılmışdı. Kamran Ağayev isə onların bu təklifini qəbul etməmişdi və “Sumqayıt”la birgə məşq edirdi.
Məhz bu üzdən bir neçə gün öncə AFFA prezidenti Rövnəq Abdullayev cənub klubunun fəxri prezidenti Mübariz Mənsimova müraciət ünvanlayaraq, problemin yoluna qoyulmasını xahiş etmişdi. Göründüyü kimi, qarşı tərəf onun bu xahişini yerə salmadı və Ağayevin əsas komandaya dönüşünə şərait yaratdı.
