8 oktyabr 2012 16:42
Əfsanəvi futbolçu DÇ-2012-ni şərh etdi
Çinli hücumçu San Ven qadın idmanının ən güclü nümayəndələrindən hesab olunur və layiqli olaraq, ABŞ əfsanəsi Mişel Akers ilə birlikdə əsrin futbolçuları adlandırılırlar. Çin futbolunun əfsanəsi beynəlxalq arenada böyüklərin futbolunda 17 yaşında ikən debüt etmiş və dörd qadınlararası dünya çempionatına qatılmışdı. 1999-cu ildə ABŞ-da keçirilən qadınlararası dünya çempionatında yeddi qol vurmaqla ən yaxşı oyunçu kimi Qızıl Top mükafatına layiq görülmüşdü.
FIFA.com saytı 39 yaşlı futbolçu ilə Azərbaycanda keçirilən 2012-ci il 17 yaşadək qızların futbol üzrə Dünya Çempionatında Çinin çıxışından, asiyalıların bu idman növünə fərqli yanaşmasından və final mərhələsindəki sürpriz nəticələrdən danışıb.
- ÇXR-ın 17 yaşadək qızların futbol üzrə Dünya Çempionatındakı çıxışını necə qiymətləndirirsiniz?
- "Lənkəranda olduğumdan, təəssüf ki, Çinin heç bir oyununu canlı izləyə bilməmişəm. Xoşbəxtlikdən, müasir dövrdə internet var. Oyunları qismən internetdən və televiziyadan izlədim. Onlar kifayət qədər yaxşı oyun göstərdilər. Biz Şanxayda eyni məkanda məşq etdiyimiz üçün oyunçuların bəzilərini tanıyıram. Bu futbolçular texniki cəhətdən güclü oyun nümayiş etdirirlər və oyunun ruhunu duyurlar. Onlar ilk iki oyunda əla oynadılar. Lakin bu, heç də mənə təəccüblü gəlmədi, çünki onlardan başqa bir nəticə gözləmirdim. Ancaq üçüncü oyun məni təəccübləndirdi. Açığı, bunun səbəbi mənə qaranlıq qaldı. Oyunçular gənc və bir qədər təcrübəsiz olduqlarından həlledici son qrup qarşılaşmasının təzyiqi qarşısında davam gətirə bilmədilər. Belə hallar tez-tez baş verir.
- Bəlkə Çin Almaniya ilə qarşılaşmada oyunun son anlarında qol buraxmasından sonra özünə gələ bilməyib. Bu hal mümkündürmü?
- Ola bilər. Amma mən bu fikrə şərik deyiləm. Düşünürəm ki, bunun Almaniyaya qarşı oyunun son anlarında baş verən hadisələrlə heç bir əlaqəsi yoxdur. Məncə, problem elə sonuncu –üçüncü qarşılaşmadadır. Çünki onlar ən azından heç-heçə etməli idilər, lakin oyunçular bu təzyiqin altında davam gətirə bilmədilər.
- Yaponiyanın çıxışını necə qiymətləndirirsiniz? Dörddə bir final oyununa qədər Gənc Nadeşiko bir çoxları tərəfindən favorit hesab olunurdu.
- Yaponiya əla oyun nümayiş etdirirdi. Şəxsən mən ,onların oyununa heyran oldum. Yaponiyada keçirilən 20 yaşadək qızların futbol üzrə Dünya Çempionatında iştirak etdim və böyüklərdən ibarət komandamla birgə 10 gün ərzində orada oldum. Yaponiyanın bir çox gənc qadın futbolçuları ilə görüşdüm. Onlar oyun texnikasını və ruhunu yaxşı duyurlar, çox zirəkdirlər. Onlar yarışmanı tərk etsələr də, mənim sevimli komandam olaraq qalırlar.
- Asiyada qadın futbolunun fərqli üslubu olması fikri ilə razısınızmı? Əgər elədirsə, bu fərqliliyi nədə görürsünüz?
- Fikrimcə, iki oyun üslubu mövcuddur. Biri yapon üslubu, o biri isə digər Asiya komandalarının üstünlük verdiyi üslubdur. Yapon futbolçuları alçaqboy və arıq olurlar. Onlar daha çox texnikaya diqqət yetirirlər. Yaponlar digər ölkələrin, xüsusilə də, Avropanın təcrübəsindən çox şey öyrəniblər. Bu yanaşma onlara erkən yaşlarından təlqin edilir. 20 və ya 17 yaşadək qızların, yaxud da yerli gənclər klublarının oyunlarını izləsəniz, onların məşq fəlsəfəsinin necə oxşar olduğuna şahid olarsınız. Yapon futbolu çox fərqli səciyyə daşıyır.
- Bəs digər Asiya komandaları haqqında nə deyə bilərsiniz?
- Çin XR, Koreya XDR və Koreya Respublikası üslub baxımından oxşar oyun nümayiş etdirirlər. Texniki və fiziki cəhətdən güclü oyun göstərirlər. Avstraliya futbolçuları isə fiziki cəhətdən daha güclüdürlər, lakin cəld, oyuna tez uyğunlaşan olmamaları səbəbindən onlar birbaşa oyun sərgiləyirlər. Bu cəhətlərinə görə onlar daha çox amerikanlara bənzəyir.
- Hansı komanda sizi daha çox təəccübləndirdi?
- Fransa. Onların Nigeriya ilə qarşılaşmasını izlədim. Oyunun ilk hissəsi bu çempionatda indiyədək izlədiyim ən yaxşı hissə idi. Fransızlar topla çox rahat hərəkət edirlər. Bəziləri hətta ondan çox bacarıqla istifadə edə bilirlər. Onlar həm müdafiədə, həm də hücumda çox intizamlıdırlar. Diqqətimi daha çox cəlb edən məqam isə bu yığmada bir neçə yaradıcı futbolçunun olmasıdır. Lakin onlar 90 dəqiqə ərzində davamlı oyun göstərmirlər. İlk hissədə çox yaxşı təsir bağışlayırdılar, amma ikinci hissədə bir qədər dağınıq idilər. Onların gücü 90 dəqiqə üçün kifayət deyil. Fransanın oyununda müsbət və mənfi məqamlar çox oldu. Bir sözlə, fransızlar hələ ki stabil oyun göstərə bilmirlər.
