10 oktyabr 2012 18:08
“Berti Foqtsdan inciməyə haqqım yoxdu”
Futbol üzrə Azərbaycan yığmasının və Latviyanın “Metallurg” (Lieapaya) klubunun futbolçusu Vüqar Əsgərov ölkə çempionatının son oyunlarında heyətə düşə bilmir. Azerisport.az xəbər verir ki, o, bu üzdən yığmamıza da dəvət olunmadı.
Əsgərov bütün bunları saytımıza müsahibəsində belə izah edib: “Bu haqda nə deyəcəyimi də bilmirəm. Baş məşqçi mənə əsas heyətdə şans vermək istəmir. Mən heç nəyi dəyişə bilmərəm. Bir dəfə müsahibə verdiyimə görə təxminən bir həftə əvəzedici heyətə göndərildim. İkinci dəfə pis nəsə danışmaq fikrim yoxdu (gülür). Əslində mənim oyun tərzim onun xoşuna gəlmir. Ümid edirəm ki, nə vaxtsa onun bu fikrində dəyişiklik olacaq”.
Təbii ki, bu cür vəziyyət heç bir futbolçunu qane edə bilməz. Elə isə görəsən, Vüqar bu vəziyyətdən necə çıxış yolu tapmağı düşünür? Əsgərovu dinləyək: “Əgər belə davam etsə, mümkündü ki, “Metallurg”u tərk edim. Mənim klubla müqaviləmin müddəti dekabrın 1-də başa çatır. Demək olar ki, çox az vaxt qalıb. Ya burda qalacağam, ya da vətəndə özümə bir klub tapmağa çalışacağam. İndiki komandamda qalmağı daha çox istərdim. Bu, mənim üçün ən yaxşı variantdı”.
Əsgərov yığmaya çağırılmamasına da toxunub: “Mən Berti Foqtsu gözəl başa düşürəm. Çünki oyun təcrübəm yoxdu. Ona görə də almaniyalı mütəxəssisdən inciməyə haqqım yoxdu. Bunun üçün ilk növbədə klubumda oynamağım lazımdı. Hər halda nə vaxtsa bizim də küçəmizdə bayram olar”.
Yığmamızın üzvü Rusiya ilə DÇ-2014-ün seçmə mərhələ oyununda futbolçularımızın uğur qazanacağına inanır: “Yığmanı çətin oyun gözləyir. Amma mən yaxşı nəticəyə ümidliyəm. Ən azı bir xal gətirəcəyimizə inanıram. Bu oyunu mütləq izləyəcəm. İsrail və Portuqaliya ilə oyunları da televizordan izləmişdim. Amma onu da deməliyəm ki, vaxtilə məşq etdiyim, oynadığım uşaqlara indi kənardan baxmaq bir qədər çətindi”.
