10 oktyabr 2012 20:30
2011/12 mövsümünün ən yaxşıları mükafatlandırıldı
Ötən mövsümün ən yaxşı futbolçularının adı elan olunub. Azerisport.az xəbər verir ki, aparılan sorğuya əsasən müxtəlif nominasiyalar üzrə ən yaxşılar seçilib.
2011-2012 mövsümünün ən yaxşı futbolçusu “Neftçi”dən Flavinyo seçilib. Onu Bahodir Nasimov və Ruslan Abışov izləyib. Lakin Flavinyo özü bu gün keçirilən təqdimetmə mərasimində iştirak edə bilməyib. Buna səbəb onun atasının səhhətində problem yarandığına görə vətəninə yollanmsı olub.
“Ən yaxşı qapıçısı” millimizin və “Xəzər Lənkəran”ın qolkiperi Kamran Ağayev olub. Ona mükafatı veteran futbolçu Çingiz İsmayılov təqdim edib.
“Ən yaxşı müdafiəçi” adına ötən mövsüm “Neftçi”nin heyətində Azərbaycan çempionu olmuş və yayda “Xəzər Lənkəran”a keçmiş Ruslan Abışov layiq görülüb. Ruslana mükafatı əməkdar məşqçi Ağasəlim Mircavadov verib.
“Ən yaxşı yarımmüdafiəçi” adını “Xəzər Lənkəran”ın rumın ulduzu Adrian Pit sahib çıxıb. Sabiq “Roma”lıya mükafatı olimpiya mükafatçısı Teymur Məmmədov təqdim edib.
“Ən yaxşı hücumçu” millimizin və “Qarabağ”ın forvardı Rauf Əliyev seçilib. Rauf mükafatını olimpiya çempionu Namiq Abdullayevdən alıb.
Ötən mövsüm "Neftçi"də çıxış etmiş, hazırda isə "Qəbələ"də oynayan Rəşad Abdullayev ən yaxşı assistent seçilib. Ona mükafatını sərbəst güləş üzrə yığmamızın çalışdırıcısı Firdovsi Umudov təqdim edib.
Mövsümün bombardiri olmuş Bahodir Nasimov da mükafatlandırılıb. "Neftçi"nin özbək forvardına mükafatını veteran futbolçumuz Nazim Əliyev təqdim edib.
Ötən mövsümün ən yaxşı qolunun müəllifi hazırda "Sumqayıt"da çıxış edən sabiq "Kəpəz"li Ceyhun Sultanov seçilib. Onun mükafatını yunan-roma güləşi üzrə olimpiya çempionumuz Fərid Mansurov təqdim edib.
“Mövsümün tapıntısı” “Bakı”dan gənc futbolçu Nurlan Novruzov olub. Novruzova mükafatı Güləş Federasiyasının katibi Əjdər Cəfərov təqdim edib.
Mövsümün “Ən yaxşı baş məşqçisi” “Neftçi”ni çempion edən Böyükağa Hacıyev seçilib.
Ən sadiq azarkeş kimi ARDNŞ-in vitse-prezidenti Xoşbəxt Yusifzadəyə mükafat verilib.
Mövsümün ən yaxşı hakimlərinə də mükafatlar verilib. FİFA referiləri – Fariz Yusifov və Elçin Məmmədovla (futzal) yanaşı, kubokun finalını idarə edən gənc hakim Əliyar Ağayev də mükafat alıb. Hakimlərin mükafatlarını AFFA prezidenti Rövnəq Abdullayev təqdim edib.
Ən yaxşı futbolçu – Flavinyo (Neftçi)
Ən yaxşı qapıçı – Kamran Ağayev (Xəzər Lənkəran)
Ən yaxşı müdafiəçi – Ruslan Abışov (Neftçi//Xəzər Lənkəran)
Ən yaxşı yarımmüdafiəçi – Adrian Pit (Xəzər Lənkəran)
Ən yaxşı hücumçu – Rauf Əliyev (Qarabağ)
Ən yaxşı assistent - Rəşad Abdullayev (Neftçi/Qəbələ)
Ən yaxşı bombardir - Bahodir Nasimov (Neftçi)
Ən yaxşı qolun müəllifi - Ceyhun Sultanov (Kəpəz/Sumqayıt)
Mövsümün tapıntısı - Nurlan Novruzov (Bakı)
Ən yaxşı baş məşqçi - Böyükağa Hacıyev (Neftçi)
Ən sadiq azarkeş – Xoşbəxt Yusifzadə
Ən yaxşı hakimlər – Fariz Yusifov, Elçin Məmmədov, Əliyar Ağayev
