11 oktyabr 2012 01:57
Simurq yenə Gürcüstana gedir
"Sumqayıt"la qarşılaşmadan sonra yığma komandanın Avropa çempionatının seçmə mərhələsindəki oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edən “Simurq”un baş məşqçisi Georgi Çixradze futbolçularına bir neçə günlük istirahət vermişdi. Azerisport.az xəbər verir ki, artıq bir araya gələn “sarı-qaralar” ötən gündən növbəti turun hazırlıqlarına start verib.
Tam heyətlə məşqləri davam etdirən Zaqatala təmsilçisi ayın 13-də Gürcüstana səfər edəcək. Komanda oyun təcrübəsini itirməmək üçün qonşu ölkədə paytaxt təmsilçisi "Dinamo" ilə yoldaşlıq görüşü keçirəcək. Qarşılaşma oktyabrın 14-də saat 15:00-da start götürəcək. Bir gün sonra isə “sarı-qaralar” yenidən Zaqatalaya qayıdacaq və hazırlıqları vətəndə davam etdirəcək.
Qeyd edək ki, "Simurq" Topaz Premyer Liqasının 9-cu turunda Bakının "İnter" klubu ilə üz-üzə gələcək. Oyun oktyabrın 20-də "Şəfa" stadionunda keçiriləcək.
