11 oktyabr 2012 22:20
Azərbaycan çempionu Barcelona ilə də bacarmadı (YENİLƏNİB)
Futzal üzrə UEFA kubokundakı təmsilçimiz "Araz" bu gün elit raund çərçivəsindəki ikinci oyununu keçirib. Azerisport.az xəbər verir ki, futzalçılarımız Sloveniyanın Lasko şəhərindəki "Tri Lilije" idman komleksində İspaniyanın “Barcelona” klubu ilə qarşılaşıblar.
Maraq üçün xatırladaq ki, Joze Alesionun yetirmələri ilk oyununda yerli "Litija" klubu ilə üz-üzə gəlmişdi. "Araz" ilk hissəsində üç cavabsız qol vurduğu oyunda gözlənilməz yenilgiyə üzülmüşdü – 3:5. İndi təmsilçimiz növbəti mərhələyə adlamaq üçün mütləq bu məğlubiyyətin əvəzini güclü rəqiblə qarşılaşmada çıxmağa çalışacaqdı. Xatırladaq ki, UEFA Kubokunun son qalibi olan “Barcelona” ötən mövsüm də “Araz”la qarşılaşmız və həmin oyunda tərəflər sülh bağlamışdılar – 2:2. “Barcelona”nın “Araz”dan öncə “MNK Split”ə (Xorvatiya) 18:0 hesabıyla qalib gəldiyini də qeyd edək.
Təəssüf ki, İspaniya klubu "Araz"a da acımayıb. Təmsilçimiz 1:7 hesablı yenilgiylə üzləşərək, dördlər finalına çıxmaq şansını itirib.
Bu gün “Araz”ın yer aldığı A qrupunda həmçinin “Litija” - “MNK Split” görüşü də keçiriləcək.
UEFA Kuboku
Elit raund
A qrupu
11 oktyabr
Araz - Barcelona 1:7 (1:5)
Qollar: Fernandao, 1 (0:1), R.Fərzəliyev, 4-öz qapısına (0:2), Aykardo, 5 (0:3), 16 (1:5) Lin, 8 (0:4), N.Məmmədkərimov, 15 (1:4), Torras, 29 (1:6), Vilde, 38 (1:7).
