11 oktyabr 2012 11:32
Fan Zona əyləncəsi başa çatır
15 sentyabr tarixindən başlayaraq Milli Parkda istirahət edən şəhər əhalisinə böyük əyləncə yaşadan Fan Zona FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin başa çatması ilə əlaqədar olaraq artıq bağlanır. Azerisport.az xəbər verir ki, bir aya yaxındı uşaqlı-böyüklü yüzlərlə insana qucaq açan əyləncə bazarı öz qonaqlarını müxtəlif attraksionlar və hədiyyələrlə sevindirir.
Fan Zonanın bağlanışı ilə əlaqədar olaraq 12 oktyabr tarixində, saat 20:00-da, Milli Parkda böyük və möhtəşəm konsert proqramı təşkil olunacaqdır. Gənc müğənni Pərvanə Röyalı, estrada ulduzu Manana və sevilən Meridian qrupunun iştirakı ilə keçiriləcək konserti məşhur teleaparıcı Tural Əsədov təqdim edəcəkdir. Qeyd edək ki, daim qonaqlarını sevindirən Fan Zonada keçiriləcək konsert proqramı zamanı tamaşaçıları müxtəlif futbol yarışmaları, lotereyalar və başqa sürprizlər gözləyir.
Nəzərinizə çatdıraq ki, Fan Zonada bundan öncə də dəfələrlə açıq konsert proqramları təşkil olunmuşdu.
