12 oktyabr 2012 01:24
Atleticonun rəsmisi: Hafiz Məmmədov istəyir ki, Atleticonun məşq metodu Bakıda da tətbiq olunsun
Azərbaycanın “Bakı” futbol klubu İspaniya “Atletico”su ilə yoxlama oyunu keçirə bilər. Azerisport.az xəbər verir ki, söhbət Madrid təmsilçisinin əsas heyətindən yox, ikinci komandasından gedir.
Bu barədə məlumatı “Atletico”nun baş meneceri Migel Hil verib: “Bu yoldaşlıq oyunu 2013-cü ilin iyun ayında baş tuta bilər. Bu, “Bakı” ilə əməkdaşlığımızın bir hissəsi olacaq. Səudiyyə Ərəbistanında, Tailandda olduğu kimi, “Atletico”nun təcrübəsini Azərbaycanda da yaymaq istəyirik. Əməkdaşlıq barədə ilkin təklifi isə “Bakı”nın prezidenti Hafiz Məmmədov hələ Monakoda olarkən səsləndirdi. O, komandamızın məşq metodlarının öz klubunda da tətbiqini istəyir”.
Qeyd edək ki, ötən gün “Bakı” ilə “Atletico” arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Əməkdaşlıq qarşıdakı üç il müddət üçün nəzərdə tutulub.
