13 oktyabr 2012 00:08
İnterin futbolçularına hücum edən şəxs saxlanıldı
Xəbər verdiyimiz kimi, Bakının “İnter” futbol klubunun iki gürcü futbolçusu - Valeri Abramidze və qapıçısı Georgi Lomaya paytaxtda “Mamoniya” kafesinin yaxınlığında bıçaqlanıblar. Azerisport.az xəbər verir ki, naməlum şəxslərin hücumuna məruz qalan futbolçuları bıçaqla hədələyərək onları soymaq istəyiblər.
Xəbərdən az sonra “İnter” Peşəkar İdman klubu da faktı təsdiq etdi və hadisənin hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən araşdırıldığını bildirdi. Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, adı açıqlanmayan qadın Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə müraciət edərək hər iki futbolçu barədə şikayət edib. Şikayətində göstərib ki, futbolçular ona sataşıblar. Həmin ərizə ilə bağlı təhqiqat aparılır.
Həmin şikayətdən bir müddət sonra isə həmin futbolçular hücuma məruz qalıblar. Artıq futbolçulara hücum etməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 25 yaşlı Rafiq Nəsirov saxlanılıb.
