12 oktyabr 2012 00:02
“Mən intellekti, texnikanı və atletizmi daha yüksək qiymətləndirirəm”
İki dəfə FIFA qadınlararası dünya çempionu, üç dəfə Avropa çempionu, 2003-cü ildə ilin qapıçısı mükafatının qalibi və Almaniya millisində ən çox forma geyinmiş oyunçu kimi Silke Rottenberqin tərcümeyi halı onu oxuyan hər kəsdə şübhəsiz, böyük təəssürat yaradar. Azerisport.az xəbər verir ki, 2008-ci ilin dekabrında peşəkar futbolçu karyerasını başa vurana qədər 40 yaşlı sabiq qapıçı 126 dəfə ölkəsinin milli formasını geyinmişdi. Hazırda o, öz təcrübə və biliyini yeni nəsilə ötürür. Rottenberq müsahibəsində gənc qapıçıları məşq etdirmək istəyi və təlim-məşq metodlarının keçdiyi inkişaf mərhələlərindən söhbət açıb.
- Azərbaycanda keçirilən dünya çempionatında indiyə qədər qapıçıların oyun səviyyəsində nəzərəçarpacaq fərqlər müşahidə olunur. Sizcə bunun səbəbi nədir?
- Bunun səbəbi hər bir fərdi ölkədə qadın futbolunun inkişaf səviyyəsidir. Misal üçün, qadınlararası dünya çempionatında Qambiya ilk dəfə idi ki iştirak edirdi. İnkişaf etmək üçün onların imkanları, xüsusilə qapıçılar və ya fərdi oyunçular üçün və yaxud da onların hər hansı konkret məşqləri digər ölkələrdəki kimi yüksək səviyyədə deyil. Əksinə olaraq, Almaniya və ya Yaponiyada siz yüksək hazırlıqlı qapıçı ilə karyerasına yenicə başlamış qapıçı arasında fərqi dərhal hiss edə bilərsiz, çünki bu ölkələrdə oyunçulara ayrılan fərdi diqqət çox yüksək səviyyədədir.
- Gənc qapıçının təlimində ən vacib aspektlər nədir və siz nəyə diqqət yetirirsiniz?
- İstedadlı oyunçuları erkən yaşlarında aşkar edib onların qapıçılıq təliminə 12 və ya 13 yaşlarında başlamaq xüsusilə vacibdir. Müasir qapıçının qapıçıya məxsus ümumi bacarıqlara, yaxşı sıçrayışa və hər an zərbəyə yaxşı reaksiya göstərə bilmək kimi xüsusiyyətləri olmalıdır. Topu onun üzərinə gələn ana qədər gözləməkdənsə, o topdan qorxmamalı və oyunda fəal iştirak etməlidir. Qapıçı təkcə meydanda olması ilə komandaya sakitçilik hissi təmin etməlidir. Məşqlərdə mən əsasən intellektə, texnikaya və atletizmə önəm verirəm.
- Gənclər komandasındakı qapıçı ilə yaşlılar komandasındakı qapıçının məşq prosesi nə ilə fərqlənir?
- Misal üçün yetərincə təcrübəli qapıçı olan Nadin Anqerə fikir verək. Onunla məşqlərdə sizin ümumi texnika kimi məqamlara toxunmanıza ehtiyac yoxdur, burda əsasən idmançının fiziki forması və özünü yaxşı hiss etməsi vacibdr. Gənc qapıçıya isə ümumi texnikanı öyrətmək mütləq lazımdır. Ümumi texnikaya növbəti suallar aiddir: Qapıçı qapıda necə dayanmalıdır? Qapıçı cərimə xəttindən bayıra çıxdıqda necə rəftar etməlidir? Qapıçı yerə necə yıxılmalıdır? Qapıçı topu necə tutmalıdır? Qapıçı yaxın küncdən və ya uzaq küncdən ötürülən künc zərbəsinə necə reaksiya verməlidir? Bu kimi fərdi biliklər çox vacibdir.
- Sizcə qapıçı olmamışdan əvvəl meydan oyunçusu olmağınız sizə üstünlük olub?
- Zənnimcə, müasir futbolda qapıçının cərimə meydançasından kənarda da oynaya bilməsi şübhəsiz üstünlükdür. Bir tərəfdən, müasir futbolda qapıçınn oyununun böyük hissəsi cərimə meydançasından kənarda baş verir. Buna görə də topa nəzarət və onunla dribllinq etmək və eləcə də onu digər oyunçuya ötürmək və ya hücuma başlamaq üçün qapıçı hər iki ayaqla sərbəst oynaya bilməlidir. Digər tərəfdən isə, bəzi vəziyyətləri əvvəlcədən görə bilmək üçün yaxşı futbolçu olmaq zəruridir. Topu gözün gördüyü yerə vurmaqla iş bitmir. Bu da yüksək peşəkar qapıçı ilə sadəcə yaxşı qapıçı arasındakı fərqdir.
- Sizin futbolçu olduğunuz vaxtlardan bəri məşq metodları nə qədər dəyişib?
- Hazırda texnikaya daha çox əhəmiyyət verilir. Mən ilk dəfə qapıçılıq üzrə məşqimi 25 yaşımda almışam. Məşqlərimi davam etdirdikcə, mən nə gəldi öyrənirdim. Məşqlərim qeyri-daimi idi. Hazırda isə qapıçılar üzrə məşqçilər hər bir alman komandasının ayrılmaz bir hissəsidir.
- Son bir neçə ildə qadın futbolunda qapıçılıq nə qədər dəyişib? İsveçin milli qadın komandasının qapıçısı Hedviq Lindal müasir futbolun daha da cəld tempdə oynanıldığı üçün o, mütəmadi olaraq kişi millisinin oyunçuları ilə birlikdə məşqlər edir.
- Biz bu təşəbbüsü Alman Futbol Assosiasiyasında da dəstəkləyirik. Gənclər səviyyəsində qızların oğlanlarla bərabər mümkün qədər oynaması və ya mütəmadi məşqlər etməsi məntiqidir. Belə ki, oğlanların oyunu daha cəld, zərbələri isə daha güclüdür və siz ayaq üstə daha tez və daha cəld düşünməli və qərarlar verməlisiz. Bu kimi şeylər qadın futbolunda eyni cür deyil. Mən məhz bü cür futbolçu kimi inkişaf etmişəm. 2000-ci ildə mən məşqçim Uolter Pradt ilə ikinci diviziya klubu olan Üaldhof Manhaymda intensiv məşqlər keçirirdim. Bunun da mənim hücum etmə bacarığımın inkişaf etməsində və 2003-cü ildə dünya üzrə ilin qapıçısı mükafatını qazanmağımda çox böyük rolu olmuşdur. Məşqlərdə mən hələ də qapıçının daha fəal olmasına və topa birinci reaksiya göstərməsinə daha çox diqqət yetirirəm.
