12 oktyabr 2012 12:53
Qəbələ Latviya klubu ilə sülh bağladı (FOTOREPORTAJ)
Sankt-Peterburqda təşkil olunan “Young Talents-2012” beynəlxalq turnirində çıxışını davam etdirən “Qəbələ”nin 12 yaşa qədər futbolçulardan ibarət komandası qrup mərhələsində ikinci oyununu keçirib. Azerisport.az xəbər verir ki, komandamız Latviya təmsilçisi “Ştik”lə münasibətlərini aydınlaşdırıb.
Matç ilk dəqiqələrdən sonadək “Qəbələ”nin üstünlüyü ilə davam edib. Bütün oyunu sürətli hücumlarla keçirən Ülfət Mədətovun yetirmələri matç ərzində bir neçə qol epizodu yaratsalar da, hesab açılmayıb. Xüsusən Təbriz İsazadə və Samir Qurbanov hücum xəttindəki fəallıqları ilə fərqləniblər. Lakin futbolçuların hesabı açmasına iki epizodda qapı dirəyi, bir neçə məqamda isə qeyri-dəqiqlik imkan verməyib.
Beləliklə, “Qəbələ” qrupda keçirdiyi ikinci matçdan sülhlə ayrılıb və xallarının sayını 4-ə çatdırıb. Qrupa 6 xalla Rusiya təmsilçisi “Zenit” başçılıq edir. “Qəbələ” isə ikinci pillədə qərarlaşıb. Qrupun növbəti oyunları oktyabrın 13-ü baş tutacaq. “Qəbələ” “Strogina” və “Zenit”lə üz-üzə gələcək.
