15 oktyabr 2012 00:57
Lənkəranda qol yağışı və ya Beto şou!
Premyer Liqanın növbəti turunun oyununa hazırlığını davam etdirən “Xəzər Lənkəran” doğma meydanda yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Lənkəran Olimpiya Kompleksinin stadionunda baş tutan matçda sınaqçı rəqib əvəzedici heyət olub.
Əsas komanda aşağıdakı heyətlə meydana çıxıb: Tərlan Qasımzadə, Vanderson Skarduelli, Adrian Skarlatake, Eder Bonfim, Radomir Todorov, Elnur Abdullayev, Roberto Alviz, Sadio Tounkara, Adrian Pits, Dimitrios Sialmas və Beto. Yunis Hüseynov əsas komandanın üzvləri Kamal Bayramov, Akif Tağıyev, Kazım Kazımlı, Kamran Abdullazadə və Elnur Allahverdiyevə əvəzedici komandanın heyətində çıxış etməyə imkan yaradıb.
Hesab erkən açılıb. İlk dəqiqədə əsas komandanın yaratdığı hücum qolla nəticələnib. Vandersonun başlatdığı hücumu Beto başla vurduğu dəqiq zərbə ilə qola çevirib. Elə əvəzedici komanda da qola tez cavab verməyi bacarıb. Ağabala Ramazanov qapının uzaq küncünü dəqiq nişan alıb. İlk hissənin 20-ci qəqiqəsində Kamal Bayramov Skarlatakenin baş zərbəsini mükəmməl seyvlə kornerə çıxarıb. Bundan on dəqiqə sonra Ağabala Ramazanov Kazım Kazımlıya qarşı kobudluğa görə təyin olunan penaltini dəqiq tamamlayıb və əvəzedici komandanı hesabda önə keçirib. Lakin “kiçik qardaş”ların sevinci uzun sürməyib. Beto 34 və 35-ci dəqiqələrdə ardıcıl qollar vurmaqla həm het-trik edib və komandasını fasiləyə hesabda öndə çıxarıb.
Fasilədə verdiyi tapşırıqlarla da hiss olunurdu ki, məşqçilər korpusu bu oyunda qurulan taktika ilə qarşıdakı “Qəbələ“ ilə oyunu düşünür. İkinci hissədə Sialmas əvəzedici, Ağabala Ramazanov isə əsas komandanın heyətində çıxış etməyə başlayıb. Hücum xəttində çox fəal təsir bağışlayan Ramazanov bu dəfə əsas komandan heyətində qola imza atıb və hesabı 4:2-yə çatdırıb. Lakin 62-ci dəqiqədə Akif Tağıyev cərimə zərbəsindən, Kamran Abdullazadə isə penaltidən fərqlənməklə hesabda tarazlıq yaratmağa müvəffəq olublar. Bununla belə sonrakı dəqiqələrdə Beto özünün 4-cü, komandasının 5-ci, Pit isə matçdakı son qola imza atıb və 6:4-lük nəticə ilə yekun hesabı müəyyənləşdirib.
