15 oktyabr 2012 15:38
Azərbaycanda Manchester Unitedin xüsusi proqramı reallaşdırılacaq
Azərbaycanın mobil rabitə operatoru "Bakcell" MMC İngiltərənin "Manсhester United" futbol klubu ilə birgə xüsusi proqramın reallaşdırılması məsələsini nəzərdən keçirir. Azerisport.az xəbər verir ki, bu barədə "Bakcell"in baş icraçı direktoru Riçard Şirer məlumat verib.
Onun sözlərinə görə, bu, gənclərin inkişafına yönəlmiş təqaüd proqramıdı. Bu gün Azərbaycanın "Bakcell" mobil rabitə operatoru MY ilə tərəfdaşlıq sazişi imzalayıb. Bununla da "Bakcell" MDB-də futbol klubunun ilk rəsmi telekommunikasiya və yayım şirkəti olub ki, nəticədə MY-nin Azərbaycandakı azarkeşləri, eləcə də "Bakcell"in 2,6 milyon abonenti futbol komandasının unikal kontentinə çıxış əldə edəcəklər.
"Bakcell" şirkəti tərəfdaşlıq çərçivəsində abonentlərə mobil xidmətlərin xüsusi paketini təqdim edəcək. "Bakcell" layihə çərçivəsində klubun rəsmi "MUTV" telekanalını yayımlamaq hüququ qazanacaq.
Eləcə də "Bakcell" və MY-nin tərəfdaşlığına həsr olunmuş Wap portalının buraxılışı planlaşdırılır ki, burada müxtəlif xidmət növləri (MY-nin xəbərləri, oyunların nəticələri, video, rinqtonlar və s.) yerləşdiriləcək.
