15 oktyabr 2012 00:07
“Bakıdan fərqli, burada nəfəs almaq daha rahatdı”
“Simurq”un polşalı qapıçısı David Petrkeviç klubun rəsmi saytına müsahibə verib. Azerisport.az xəbər verir ki, təcrübəli əlcək ustası ümümi çempionat və “Simurq” haqqında sualları cavablandırıb.
- Əvvəlcə “Simurq”a gəlişin haqqında danışaq. Necə oldu ki, David bu komandanı seçdi?
- Menecerim zəng etdi və dedi ki, Azərbaycandan bir klub səni istəyir. Ancaq əvvəlcə iki-üç məşqdə iştirak etməlisən. Mən də öz növbəmdə heç bir problemin olmadığını və oynamaq istədiyimi bildirdim. Beləliklə, komandanın düşərgəsinə qoşuldum. Hər şey qaydasında getdi və təkliflərini etdilər. Mən də razılaşıb müqavilə imzaladım.
- Buranı bəyəndinmi?
- Əlbəttə, “Simurq” peşəkar komandadı. Hazırda hər şey qaydasında davam edir. Heyət peşəkar futbolçulardan təşkil edilib. Düşünürəm ki, hər kəs burada olmaqdan xoşbəxtdi.
- Azərbaycan Premyer Liqası haqqında nə deyərdin?
- Fikrimcə, çempionatda iştirak edən komandaların hamısı eyni səviyyədədi. Hazırda elə bir şey yoxdu ki, “Neftçi” yüksəkdədi, “Simurq” aşağıda. Hər bir komanda qarşısına nəticə qazanmağı məqsəd qoyub.
- “Simurq”un ilk “altılıq”a düşəcəyinə inanırsanmı?
- Fikrimcə, komandamız ilk “altılıq”a düşmək gücünə malikdir. Ancaq hər şey necə oynamağımızdan asılıdı. Biz hər qarşılaşmadan-qarşılaşmaya öz gücümüzə daha çox inanırıq və daha yaxşı oynayırıq. Düşünürəm bu oyunla biz ilk “altılıq”da olacağıq. Daha sonra isə yüksək yerlər uğrunda mübarizə aparmalıyıq.
- “Simurq” hazırda həm də ən az qol buraxan komandadı. Bu, kimin əməyinin nəticəsidi?
- Bu, bütün komandanın əziyyətinin nəticəsidi. Bunu nə qapıçının, nə müdafiəçilərin, nə də hücumçuların hesabına yazardım. Biz komanda halında həm hüçum edirik, həm də müdafiə olunuruq.
- Qarşıda sizi “İnter”lə, AZAL-la və “Neftçi”ylə çətin oyunlar gözləyir. Bu matçlar haqqında nə düşünürsən?
- Hər üçü yaxşı futbolçulardan təşkil olunmuş güclü komandalardı. Ancaq bu gün “Simurq” onlardan heç nəyi ilə geri qalmır. Biz hər oyuna xüsusi hazırlaşırıq. Düşünmürük ki, biz qarşıdakı 3 oyunda nə edəcəyik? Əvvəlcə “İnter”, ondan sonra AZAL və “Neftçi” ilə keçirəcəyimiz matçlara ayrı-ayrılıqda hazırlaşırıq və yaxşı nəticə qazanmaq üçün çalışırıq.
- Əksər futbol mütəxəssisləri “Simurq”un hazırkı nəticəsini çempionatın surprizi sayırlar. Sən necə düşünürsən?
- Bu, surpriz deyil. “Simurq” güclüdü və bu nəticəni əldə etməli idi. Komandanın çempionata hazırlıq mərhələsinə baxsaq, Avstriyada, Tiflisdə güclü rəqiblərlə keçirdiyi yoldaşlıq görüşlərinə diqqət yetirsək, bu komandanın nəticə qazanacağını görmək olardı. Yaxşı futbolçulardan təşkil edilmiş heyətimiz var. Toplanışlarda məşqçimiz bu oyunçuları nəticə qazanmaq üçün diqqətlə seçirdi. Düzdü, qeyd edilir ki, “Simurq”un gücü “İnter”lə, AZAL-la oyundan sonra bilinəcək. Ancaq keçirdiyimiz oyunlara baxsaq, “Qarabağ”, “Metallurg” heç də onlardan zəif kollektivlər olmayıb. Lakin biz onlara qarşı oynamağı bacarmışıq və yaxşı nəticə qazanmışıq. “Simurq” heç kəsdən çəkinmir.
- “Simurq”un heyətində hansı yerli futbolçunun oyununu bəyənirsən?
- Bu komandanın heyətində ulduz futbolçu yoxdu. “Simurq”da hər kəs yaxşı nəticə qazanmaq üçün tam gücüylə mübarizə aparır. Yerli futbolçular arasında da kimisə fərqləndirməzdim. Hərə öz mövqeyində sonadək mübarizə aparmağı bacarır.
- Komandanın məşqçilər korpusu haqqında nə deyərdin?
- “Simurq”da məşqçilərin hər biri işini yaxşı bilən mütəxəssislərdir. Georgi futbolu yaxşı başa düşür. Fikimcə, bu günkü göstəricimiz məhz məşqçilər heyətinin işinin nəticəsidir.
- “Simurq” azarkeşləri haqqında nə deyərdin?
- Onlar superdirlər. Bilirsiz, nə zamankı azarkeşlər meydanları doldururlar və sona qədər dəstəkləyirlər, bu futbolçuları qələbə qazanmaq üçün çox ruhlandırır. Xüsusən onlar ev oyunlarında bizə əlavə güc verir.
- Zaqatalada yaşamaq çətin deyil ki?
- Xeyr. Zaqatala çox gözəl yerdir. Hər tərəf dağlarla əhatə olunub. Çox gözəl və təmiz havası var. Bakıdan fərqli olaraq burada nəfəs almaq daha rahatdı.
- Növbəti mövsümü də “Simurq”da keçirmək haqqında düşünürsən?
- İndi bu barədə nəsə deyə bilmərəm. Əgər “Simurq” üçün lazım olaramsa, bu barədə rəhbərliklə yenidən danışarıq. Mənim tərəfdən heç bir problem yoxdu.
