16 oktyabr 2012 12:33
Böyükağa Hacıyev: Millimiz Moskvadan bir xalla dönsə, bu, sensasiya olacaq
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan millisinin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçiriləcək oyunu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu oyuna baxmaq maraqlı olacaq. Özü də bu oyundan bir həftə sonra “Neftçi”ni də səfərdə Kazan “Rubin”i ilə görüş gözləyir. Fabio Kapello Rusiya yığmasını yeni səviyyəyə qaldırıb. İndi Rusiya yığmasının futbolçuları daha intizamlı futbol sərgiləyirlər. İtaliyalı mütəxəssis həm komandaya yeni oyun üslubu gətirib, həm də heyətdə ciddi dəyişikliklərə əl atıb. Onların Portuqaliya qarşı oyununu bəyəndim. Həmin oyunda əsas nəticə idi ki, onu da qazandılar. Lakin Azərbaycana qarşı fərqli oynayacaqlar. İndi bizim məşqçilər korpusu bu komandaya qarşı necə oynamaq lazım olduğunu düzgün müəyyənləşdirməlidilər. Etiraf etmək lazımdı ki, ruslar aşkar favoritdilər. Buna baxmayaraq, Berti Foqts millidəki işini nümayiş etdiməlidi. Yığmanın artıq səfərdə də normal futbol oynamaq vaxtıdı. Mən realistəm. Azərbaycan yığmasının bu görüşdə uğur qazanmaq şansı çox azdı. Əgər Foqtsun komandası Moskvadan bir xalla dönsə, bu, sensasiya olacaq”.
