16 oktyabr 2012 01:16
Super Liqa klubunda yeni baş məşqçi
Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Kayserispor” klubu yeni baş məşqçisini tapıb. Azerisport.az xəbər verir ki, Şota Arveladzedən sonra yeni məşqçi axtarışını davam etdirən Kayseri təmsilçisi Xorvatiyada dayanıb.
Belə ki, “Kayserispor”u bundan sonra məhz bu ölkədən olan Robert Prosineçki çalışdıracaq. Tərəflər arasında aparılan danışıqlar müsbət yekunlaşıb və Kayseriyə gələn Prosineçkiylə 1.5 illik müqavilə imzalanıb.
Maraq üçün qeyd edək ki, xorvatiyalı mütəxəssis futbolçu karyerası ərzində “Sevilla”, “Real”, “Barvelona” kimi klublarda forma geyinib. Onun məşqçilik fəaliyyəti isə o qədər də zəngin deyil. 2006-cı ildən etibarən Xorvatiya yığmasında baş məşqçi köməkçisi kimi fəaliyyətə başlayan Prosineçki 2010-cu ildə “Red Star Belgrade” klubunun sükanı arxasına keçib. Elə bu ilə Serbiya təmsilçisi ilə yollarını ayıran mütəxəssis indi də Türkiyədə uğur qazanmağa çalışacaq.
