16 oktyabr 2012 16:07
Rusiya - Azərbaycan matçında təhlükəsizliyi 4400 polis və əsgər qoruyacaq
Bu gün Moskvadakı “Lujniki” stadionunda keçiriləcək DÇ-2014-ün seçmə mərhələsinin Rusiya və Azərbaycan yığmaları arasındakı görüş zamanı asayişi 4400 təhlükəsizlik işçisi qoruyacaq. Azerisport.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumatda deyilir ki, stadion və ətraf ərazilər oyundan əvvəl kinoloqlar tərəfindən xidməti itlərlə axtarılacaq. Azarkeşlərin “Lujniki” stadionunun ərazisinə buraxılması metal detektorları vasitəsilə həyata keçiriləcək. Şəhərdə keşikçəkmə marşrutları matçın yayımlanacağı idman barlarına maksimum yaxın olacaq.
İctimai asayişi təmin etmək üçün “Lujniki” böyük idman meydanının ərazisinə hüquq mühafizə orqanlarının 2,6 min əməkdaşı, o cümlədən Moskva polisinin Xüsusi Təyinatlı Mərkəzinin 370 əməkdaşı, Rusiya DİN-in daxili qoşunlarının 1460 əməkdaşı cəlb olunacaq.
Qeyd edək ki, Moskvadakı “Lujniki” stadionunda keçiriləcək Rusiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
