16 oktyabr 2012 00:12

Azərbaycan yığması üçün qonşu sınağı

Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti sınağına çıxır. Azerisport.az xəbər verir ki, Berti Foqtsun çalışdırdığı komandamız DÇ-2014-ün seçmə mərhələsinin üçüncü oyununda Rusiya ilə qarşılaşacaq.
 
Qeyd edək ki, bu komanda millimiz üçün tanış rəqibdi. Belə ki, Rusiya artıq bir seçmə mərhələdə Azərbaycan yığmasına rəqib olub. Bu qarşılaşmalarda yığmamız qələbə qazana bilməyib. Bir sözlə, şimal qonşularımız Azərbaycan üçün uğursuz rəqiblərdən sayıla bilər.
 
İlk dəfə bu komanda ilə 2009-cu ildə, martın 28-də səfərdə qarşılaşmışıq. DÇ-nin seçmə mərhələsi çərçivəsində Moskvada baş tutan görüşdə Rusiya Azərbaycan millisini iki cavabsız qolla məğlub edib. Oktyabrın 14-də Bakıda keçirilən cavab görüşündə isə millimiz həmin məğlubiyyətin qisasını qismən də olsa, ala bilib. Belə ki, Vaqif Cavadovun qol vurduğu yığmamıza məğlubiyyətdən 90+7-ci dəqiqədə qurtula bilib - 1:1.
 
Göründüyü kimi, Rusiya ilə qarşılaşmalar yığmamız üçün o qədər də uğurlu alınmasa da, hər halda uğursuz da sayılmaya bilər. Komandamız bu rəqiblə görüşlərdə bir heç-heçəyə nail olsa da, qalib gələ bilməyib. 2 oyuna bu komandadan 3 qol buraxmışıq və bunlardan yalnız birinə cavab verə bilmişik. Amma ümid edək ki, bu dəfə daha yaxşı oyun və nəticə ilə yadda qalacağıq.
 
Yeri gəlmişkən qeyd edək ki, bu, yığmamızın yeni seçmə mərhələdəki üçüncü oyunu olacaq. Komandamız tsiklin açılış matçında İsrail ilə üz-üzə gəldi və məğlub duruma düşdüyü görüşdən heç-heçə ilə ayrıldı. Berti Foqtsun yetirmələri qələbə qazana bilməsə də, sərgilənən oyun və qazanılan bir xalla həm azarkeşlər tərəfindən qənaətbəxş qarşılandı, həm də komandamızdakı atmosferi bir qədər yaxşılaşdırdı. Lakin təəssüf ki, bu uğurun davamını Portuqaliya ilə Braqadakı oyunda gətirə bilmədik. Belə ki, komandamız qrupun favoriti ilə çətin səfər matçında uzun müddət qapısını toxunulmaz saxlasa da, son dəqiqələrdə buraxılan 3 cavabsız qolla darmadağına üzüldü. Ona görə də ruslarla çətin səfər matçı ərəfəsində millimizin düşərgəsində o qədər də yaxşı əhval-ruhiyyənin olduğunu demək olmaz.
 
Rəqib düşərgədə isə tam fərqli əhval-ruhiyyə var. Belə ki, Rusiya yığması bu seçmə tsiklə fırtına kimi başlayıb. Fabio Kapellonun komandası startda Şimali İrlandiyanı 2:0 hesabıyla məğlub yola saldı. Ardından şimal qonşularımız səfərdə İsrail üzərində darmadağına sevindilər – 4:0. Bir neçə gün öncə isə ruslar qrupun əsas favoriti Portuqaliya üzərində minimal hesablı qələbə ilə vahid liderliyi ələ keçirdilər. Bu üzdən də rəqib düşərgədə xoş əhval-ruhiyyənin olması millimiz üçün o qədər münasib sayıla bilməz.
 
Lakin bunun əks təsiri də istisna deyil. Məsələ burasındadı ki, ruslar yığmamızı doğma azarkeşlərinin gözü qarşısında qəbul edəcək. Deməli, rəqibimiz o qədər də güclü olmayan Azərbaycan millisi ilə görüşdə xal itkisini ağlından da keçirmir. Hər halda dörd gün öncə Portuqaliyanı məğlub edən komandanın başqa nəsə gözləməsi mümkün də deyil. Amma rusların bu oyuna arxayın çıxması onlara baha da başa gələ bilər. Üstəlik, portəgizlərlə görüşdə var güclərini meydanda qoyan rəqibin heyətində yorğunluq da sözünü deyə bilər. Yığmamız isə həmin günlərdə istirahət edir və hazırlaşırdı. Yığmamızın ruslarla bu görüşdəki əsas üstünlüyü də məhz bu iki amillə bağlıdı. Qalan bütün məqamlar rusların lehinədi. Azarkeş, doğma meydan, ustalıq səviyyəsi, güc nisbəti və daha nələr, nələr...
 
Etiraf etmək lazımdı ki, Rusiyanı səfərdə məğlub etmək və ya ən azı bu komandadan 1 xal almaq yığmamız üçün elə də asan başa gələcək iş deyil. Ən azı ona görə ki, bu komanda hazırda dünyanın ən güclülərindən biri hesab olunur. Qrupumuzun aşkar favoritlərindən biri olan bu komanda hazırda FİFA reytinqində dünyanın ən güclü 12-ci yığmasıdı. Yığmamız isə son açıqlanan siyahıda 111-ci sırada qərarlaşıb. Bütün bunlara baxmayaraq, ümid edək ki, millimiz Moskvada layiqli mübarizə apara, hətta sensasiyaya imza ata biləcək.
 
Qeyd edək ki, Rusiya ilə qarşılaşma Azərbaycan yığmasının 2012-ci ildəki doqquzuncu oyunu olacaq. Millimiz fevral ayındakı Dubay toplanışı çərçivəsində öncə Sinqapurla, ardından isə Hindistan və Fələstinlə yoxlama oyunu keçirmişdi. İlk görüşdə futbolçularımız 2 top fərqi ilə öndə olduqları halda, son saniyələrdə qələbəni əldən vermişdilər – 2:2. Lakin hindistanlılarla qarşılaşmada daha diqqətli oynamaqla komandamız bu il ilk qələbəsini rəsmiləşdirmişdi – 3:0. Fələstinlə qarşılaşma isə heç kimin gözləmədiyi nəticəylə başa çatmışdı – 0:2. Məhz həmin yenilgidən sonra yetərincə tənqid olunan Foqtslu millimiz daha bir zərbəni Yaponiya ilə qarşılaşmada aldı – 0:2. Dünyanın ən zəif yığmalarından olan Andorranı yenə bilməməyimiz də (0:0) utancverici nəticələrdən biri kimi tarixə düşdü. Yalnız Bakıda baş tutan Bəhreynlə sınaq görüşündə futbolçularımız 3:0 hesablı qələbə ilə tənqidlərdən nisbətən yaxa qurtarmışdı. İsrai (1:1) və Portuqaliya (0:3) ilə rəsmi görüşdə isə məlum nəticələr qeydə alındı.
 
Bütövlükdə isə, yığmamız bu gün tarixi ərzində 190-cı matçına çıxacaq. İndiyəqədərki oyunların 32-də qələbə qazanmışıqsa, 47-də də heç-heçə ilə təsəlli tapmışıq. 110 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 131 qol vurduğumuz halda, öz qapımızdan 338 top çıxarmışıq.
 
DÇ-2014-ün seçmə mərhələsi
F qrupu
16 oktyabr
 
20:00. RUSİYA – AZƏRBAYCAN
Moskva. “Lujniki” stadionu.
Hakim: Aleksandr Stavrev (Makedoniya).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.