17 oktyabr 2012 15:35
Sumqayıtın prezidenti: Biz Bernard Raabın işindən razıyıq
“Sumqayıt”ın prezidenti Kamran Quliyev 2011/2012 mövsümünün yekunları ilə bağlı məlumat verib, həmçinin komandasının uğurlarından danışıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Ötən ilin iyul ayında almaniyalı mütəxəssis Bernard Raabla müqavilə imzaladıq. Ümumilikdə götürsək, 2011/2012 mövsümü nəticə etibarı ilə bizim üçün uğursuz yekunlaşdı. Lakin biz Raabın işindən razı idik. Ən azından Premyer Liqa təcrübəsi görməyən futbolçularımız tezliklə milli komandalara dəvət almağa başladı. Onun sayəsində, Bədavi Hüseynov, Abdulla Abatsiyev, Orxan Əliyev, Murad Ağayev, Hacı Əhmədov, Slavik Alxasov, Murad Səttarlı, Kamil Nurəhmədov, Tərlan Quliyev kimi futbolçular böyük təcrübə qazandı.
Ötən il klubumuz, ölkədə böyük nüfuza sahib olan bir neçə şirkətlə əməkdaşlıq etdi. “Paşa Həyat Sığorta”, “Aqua Vita”, “Spektr Travel”, “Access Bank” və “Azenco” şirkətləri ilə partnyorluq müqavilələri imzaladıq. Arxada qalan mövsümdə klubumuz kifayət layihələr həyata keçirdi. İl ərzində KİV, fanatlar, şəhərin fəalları, ictimai təşkilatlarla xeyli xeyriyyə tədbirlərində iştirak etdik. Ötən mövsüm bir neçə futbol turnirləri də keçirdik. Məsələn, fevral ayında təşkil etdiyimiz “Sumqayıt Kuboku”nda üç yaş qrupu 1998-1999, 2000-2001 və 2002-2003-ci il təvəllüdlü futbolçular qalib adı uğrunda mübarizə apardı. Turnirdə ümumilikdə 600-dən artıq futbolçu iştirak etdi. İlin sonunda isə “Access Bank”la “Access Bank Məktəbli Turniri”nin keçirilməsi ilə bağlı layihə hazırladıq. İnşallah tez bir zamanda həmin turnir start götürəcək”.
