17 oktyabr 2012 16:57
Yeqor Titov: Hakim Rusiya yığmasına kömək etdi
Futbol üzrə Rusiya yığmasının sabiq oyunçusu Yeqor Titov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Portuqaliya ilə oyundan sonra toparlanmaq millimiz üçün çox çətin idi. Mən sanki Azərbaycan yığmasını Berti Foqtsun çalışdırdığını unutmuşdum. Rəqibin niyə bu qədər diqqətlə müdafiə olunması da dərhal hiss olunurdu. Alman intizamı bu komandada sözünü deyir. Bu üzdən ilk dəqiqələrdən komandamız nə baş verdiyini anlaya bilmirdi”.
O, belə müdafiə xəttinə qarşı rusiyalı hücumçuların oynamasının çətinliyindən də danışıb: “Kerjakovun oyunu alınmadı. Mümkündü ki, rəqib 8-9 futbolçu ilə müdafiə olunmaqla qolsuz heç-heçəyə nail olmaq istəyirdi. Belə olan halda forvardlara çox çətin olur. Pavlyuçenko və ya Poqrebnyak kimi hücumçuya ehtiyac olduğu görünürdü”.
Titov qarşılaşmanın baş hakimi, makedoniyalı Aleksandr Stavrevin idarəçiliyini də dəyərləndirib: “Hakim bizə kömək etdi. Çünki Bıstrovu cərimə meydançasından kənarda yıxmışdılar. Amma Yeşenkonun epizodunda həqiqətən də penalti var idi. İstənilən halda təəssüflənməməliyik. İstənilən halda məhz penalti sayəsində qələbə qazandıq”.
