18 oktyabr 2012 16:18
Kamran Ağayev Xəzər Lənkəranla məşqlərə başladı
Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev uzun fasilədən sonra “Xəzər Lənkəran”ın düşərgəsinə qayıdıb. Azerisport.az xəbər verir ki, qapıçı bu gündən etibarən “ağ-yaşıllar”la hazırlıqlara başlayıb.
Qeyd edək ki, Kamran Ağayev Avropa Liqasının Polşa “Lech”i ilə oyundakı məğlubiyyətdə əsas günahkarlardan biri kimi komandadan uzaqlaşdırılmışdı. Lakin onun milli üzvü olması səbəbindən adı yeni mövsümün sifariş ərizəsinə salınmış və əvəzedici komandada məşq etməsinə şərait yaradılmışdı. Kamran Ağayev isə onların bu təklifini qəbul etməmişdi və “Sumqayıt”la birgə məşq edirdi.
Məhz bu üzdən bir müddət öncə AFFA prezidenti Rövnəq Abdullayev cənub klubunun fəxri prezidenti Mübariz Mənsimova müraciət ünvanlayaraq, problemin yoluna qoyulmasını xahiş etmişdi. Göründüyü kimi, qarşı tərəf onun bu xahişini yerə salmadı və Ağayevin əsas komandaya dönüşünə şərait yaratdı.
