19 oktyabr 2012 12:57
Rəşad Sadıqov millimizin Şimali İrlandiya ilə oyununu da buraxa bilər
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqovun Rusiya ilə DÇ-2014-ün seçmə mərhələ oyunu öncəsi aldığı zədənin təhlükəsi getdikcə artmaqdadı. Azerisport.az xəbər verir ki, onun hətta ruslarla görüşə qədər sağalacağı güman olunsa da, Sadıqovun bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı məlum olub.
Bu barədə məlumatı saytımıza açıqlamasında futbolçu özü də təsdiqləyib: “Həkimlər mənə bir həftəlik müalicə yazıblar. Əgər bu müddət ərzində ağrılar azalmasa, daha geniş müayinə və müalicə üçün Türkiyəyə getməli olacağam. Meydana nə vaxt qayıdacağımı dəqiq deyə bilmərəm. Yəqin ki, ən yaxşı halda 2-3 həftədən sonra”.
Qeyd edək ki, hazırda davam edən müalicə faydalı olmasa, Rəşad yığmamızın növbəti oyununu da buraxa bilər. Çünki millimiz noyabrın 14-də Belfastda Şimali İrlandiyanın qonağı olacaq.
